Miodraq Bojoviç: “Pis oynayaraq uduzduq”

“Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç bu gün Türkiyədə “Valdhof”a qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, “ağ-qaralar” Antalyadakı təlim-məşq toplanışı çərçivəsində qarşılaşdıqları Almaniyanın 3-cü Bundesliqa təmsilçisinə 0:3 hesabı ilə uduzublar.

Miodraq Bojoviç matçdan sonra klubun “Youtube” telekanalına açıqlamasında bunları söyləyib:

“Çoxlu fiziki yüklənmə var idi. Hazırlıq baxımından ümumi danışsaq, düşünürəm ki, yaxşı hazırlıq oldu. Amma yoldaşlıq oyununda pis oynayaraq uduzduq. Futbolçuların performansından razıyam. Çox çalışırdılar, yaxşı işləyirdilər. Ancaq yorğunluq var. Bu da oyunda özünü əks etdirir. Futbolçular fərdi səhvlər, top itkiləri edirlər”.

Xatırladaq ki, “Neftçi” Antalyadakı ilk yoxlama oyununda Türkiyənin “Ərzurumspor” komandasına 1:3 hesabı ilə uduzmuşdu.

Bu gün keçirdiyi yoxlama oyunu ilə Türkiyənin Antalya şəhərindəki Belek bölgəsində toplanışı başa vuran “Neftçi” sabah Bakıya qayıdacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: