“Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, monteneqrolu mütəxəssis 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Bu oyunun bizim üçün çətin olacağını bilirdik. Ona görə yox ki, “Qəbələ” Premyer Liqada qalmaq üçün mübarizə aparır. Sadəcə, “Qəbələ” yaxşı komandadır, təcrübəli baş məşqçisi var. Azərbaycanda ən yaxşı meydança buradadır. Məşq üçün də keyfiyyətli meydançaları var.
İlk hissə elə də maraqlı keçmədi. Futbolçular yaxşı nəfəs ala bilmirdilər. Kilan Lebon şəxsi keyfiyyətləri sayəsində gözəl qol vurdu. İkinci hissədə açıq oyun gedirdi və hər iki tərəfdə səhvlər var idi. Biz də qol vura bilərdik, rəqib də. Qələbə qazandıq. Amma bir az bəxtimiz gətirdi”.
Baş məşqçi kapitan Emin Mahmudovun bu gün ehtiyatda qalmasının səbəbini də açıqlayıb:
“Bir az ağrı hiss edirdi. Emini növbəti oyuna saxlamaq istədik”.
Miodraq Bojoviç gəlişindən sonra oyun keyfiyyətində inkişaf olduğunu vurğulayıb:
“Çempionatda bütün komandalar demək olar ki, eyni səviyyədədir. Digər komandalarla müqayisədə son vaxtlarda bizim keyfiyyətimiz bir az artıb. İndi daha çox qol epizodu yaradırıq və qollar vururuq. Son iki oyunda qol buraxmamışıq. Komanda 11 oyunçu ilə müdafiə olunur. Amma bu gün ikinci hissədə çoxlu səhvlər etdik”.
“Belə oyundan sonra toparlanmaq çox çətindir”
“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze isə komandasının məğlubiyyətinə belə şərh verib:
“Danışmağa çox sözüm yoxdur. Üstünlük bizim tərəfdə idi. Çoxlu qol epizodlarımız oldu, dəyərləndirə bilmədik. Yaxşı oyuna görə də 3 xal vermirlər. Belə oyundan sonra toparlanmaq çox çətindir. Futbolçulara, onların çəkdiyi əziyyətə heyfim gəlir. Təəssüf ki, bu cür oyunla qələbə qazana bilmədik.
“Kəpəz” demək olar ki, yarım epizoddan qol vurur. Biz isə 100 faizlik fürsətləri dəyərləndirə bilmirik. Samuel Tetteh və Klesio Baukun dəyərləndirə bilmədikləri qol vəziyyətləri oldu. Bunları dəyərləndirə bilsəydik, nəticə başqa cür olardı. Deyiləcək çox söz yoxdur. Keyfiyyət çatmır”.
Sxadadze “Qəbələ” elitanı tərk edəcəyi halda klubdakı taleyi barədə suala isə belə cavab verib:
“Bu barədə danışmaq istəmirəm. Bəli, klubla müqaviləmiz var. Bura gələndə çətin olacağını bilirdik. Hara getmişəmsə, ad qoymağa çalışmışam. Azərbaycanda 6 il işləmişəm. Həmişə adımızın yaxşı hallanmasını istəyirik.
Çempionat və kubok tam fərqli turnirlərdi. Oyunçuları növbəti matça yaxşı hazırlamalıyam. Bu gün çox yoruldular. “Qəbələ” kubok komandası sayılır. Dəfələrlə buradan avrokuboklara vəsiqə qazanıb. Ümid edirəm ki, baxımlı oyun sərgiləyəcəyik”.