“Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Qarabağ”a qarşı keçirdikləri ilk oyunu şərh edib.
Arena.az xəbər verir ki, monteneqrolu mütəxəssis 0:4 hesabıyla uduzduqları görüşdən sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“İlk qolu çox tez buraxdıq. Bundan sonra yenidən oyuna qayıtmaq çox çətin idi. Hesabı bərabərləşdirmək istəyirdik. Təəssüf ki, bacarmadıq. “Qarabağ” isə daha iki qol vurmaqla oyunun taleyini həll etdi. Ondan sonra oynamaq bizim üçün çətin idi. İkinci hissədə daha yaxşı oynadıq. Bu da anlaşılandır, çünki “Qarabağ” artıq üç qol vurmuşdu və daha rahat oynamağa başlamışdı.
Emin Mahmudovun start heyətində yer almaması nə ilə əlaqədar idi? Onun zədəsi var. Buna görə riskə atmaq istəmirdik. İstər-istəməz çempionat bizim üçün daha çox önəmlidir. Onu “Sumqayıt”la oyun üçün qorumaq istəyirdik. Fikirləşirdik ki, həmin oyunda daha böyük mübarizə olacaq.
Mövsümöncəsi yaxşı hazırlaşmaq önəmlidir. Komandanı gücləndirmək lazımdır. “Qarabağ”la mübarizə aparmaq çətindir. “Neftçi”nin uğurları olacaq. Amma bu, mənimlə olacaq, ya yox, onu bilmirəm. “Neftçi” əvvəlki kimi güclü olacaq, buna inanıram”.
Miodraq Bojoviç “Neftçi” azarkeşlərinin bu oyunu boykot etməsinə də münasibət bildirib:
“Burada iki aydan çoxdur fəaliyyət göstərirəm. Azarkeşlərlə hansı problem olduğunu bilmirəm. Təbii ki, azarkeşlərimiz olsaydı, komanda daha yaxşı və rahat oynaya bilərdi. Fakt odur ki, biz bu gün özümüzü sanki “Qarabağ”ın stadionunda hiss edirdik.
Sanki uduzduğumuza görə məmnunsunuz. Amma fikrimcə, bizim məğlubiyyətimizə görə sizin həyatınızda heç nə dəyişməyəcək. Komandaya rəhbərlik edən şəxslər var. Onlar qərar verəcək. İndi ikinci pillədəyik. Son üç oyunda 7 xal qazanmışıq. Bəli, bu gün uduzduq. Amma heç nə deyə bilmərəm. Mənim qalmağımın və ya getməyimin sizin üçün nə fərqi var ki? Bununla sizin həyatınızda nə dəyişəcək? Mənim öz həyatım var. Rəhbərlik qərar versə, məni işdən çıxaracaq. Siz isə, eyni şəkildə kiçik jurnalist kimi qalacaqsınız”.