“Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində “Səbail”ə qarşı oyunu şərh edib.
Arena.az xəbər verir ki, monteneqrolu mütəxəssis 3:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Bizim üçün çox vacib qələbədir. Oyuna yaxşı başladıq, ilk qolu vaxtında vurduq və keyfiyyətli oynadıq. Mark Tamaşın zədələnməsi gedişatı bir az dəyişdi. Açıq oyun getdi. Hər iki komanda açıq futbol oynadı, hər iki tərəfin yaxşı qol imkanları var idi. Bu qələbədən çox razıyam. İnanıram ki, bu qələbə bizə əlavə güvən verəcək. Hiss olunur ki, bəzən bizdə bu yöndə çatışmazlıq olur.
Son iki oyunda 6 qol vurmuşuq. Vacib olan odur ki, hücumlar qurub, epizodlar yaradırıq. Müdafiədə problemlərimiz var. Bu isə sırf həmin mövqedə oynayan oyunçularla bağlı deyil. Komanda şəklində bunu yaxşı etməliyik. Ümid edirik ki, qarşıdakı fasilə bizə fayda verəcək”.
Miodraq Bojoviç ölkəmizdəki üç aylıq fəaliyyəti dövründəki müşahidələrinə əsasən Azərbaycan futbolu haqqında təəssüratlarını da bölüşüb:
“İndi Azərbaycan futbolunu daha yaxşı tanıyıram. Çempionat olduqca çətindir. Bütün komandalar gözəl futbol göstərməyə çalışırlar. Pis futbol göstərən komanda yoxdur. Komandalar hücum etməyə çalışır. Hətta son yerdə qərarlaşan “Qəbələ” belə göstərdiyi oyun baxımından o yerə layiq deyil. Çempionatın sonuna qədər hamı üçün çətin olacaq. İstənilən komanda digərinə qalib gələ bilər. Premyer Liqada komandalar hansısa yer uğrunda mübarizə aparırsa, demək ki, liqa yaxşı keçir. Bu rəqabət çempionatın keyfiyyətini artırır”.
“Səbail” ən yaxşı futbol oynayan komandalardan biridir”
“Səbail”in baş məşqçisi Şahin Diniyev isə komandasının məğlubiyyətinə belə şərh verib:
“Oyunu iki hissəyə bölərdim. 3:0 darmadağın deməkdir. Amma biz 0:3 hesablı məğlubiyyətə layiq deyildik. Komandam ikinci hissədə diqtə etdi, dominantlıq göstərdi. Qol epizodlarımız çox idi. Heç bu qədər epizod yaratdığımız yadıma gəlmir. Sadəcə, keyfiyyət baxımından geri qaldıq. İrəli baxmalıyıq. Təəccüblü olsa da, komandamın oyunundan, xarakterindən, hücumameyilli oynamasından razı qaldım. “Neftçi” kimi böyük komandanı 90 dəqiqə ərzində təzyiqdə saxlamışıqsa, gələcəyə ümidlə baxmaq olar. Heç nə itirilməyib. Doqquz oyunluq marafonun finiş nöqtəsi var. Komanda ilə istədiyimiz yerlərə çatacağıq. Sadəcə, asan qollar buraxırıq. Cərimə meydançasına atılan hər bir top bizim üçün faciəyə bərabərdir. Üçüncü qoldan danışmaq istəmirəm. “Neftçi”yə uğurlar arzu edib, təbrik edirəm. Qarşıdakı oyunlarımıza baxmalıyıq. Düzgün yoldayıq. Bütün oyunlarda keyfiyyətli futbol oynamağa çalışırıq. Alınır da.
Hər bir komandanın uğur qazanması üçün bəzi nüanslar çox vacibdir. Onların içərisində ənənə məsələsi var. “Neftçi” bu gün pis vəziyyətdə ikinci yeri tutanda, bəyənmirlər. Bu ənənədən xəbər verir. “Səbail” isə yenidir. Ötən il saman çöpündən tutub Premyer Liqada qaldıq. Yayda komanda 8-90 faiz yenidən quruldu. Futbolda üç nüans var. Heyətin, oyunun və nəticələrin sabit olmalıdır. Bizdə bunlardan hər zaman hansısa çatışmır. Amma fikrimcə, sabitliyin olmaması zaman məsələsidir. Komandanın qarşısına qoyulan ən minimum vəzifə həll olunub, artıq iddialılar içərisindəyik. Oyunumuz var. “Səbail” futbol oynayır. Tam əmin olmadığım yer müdafiədəki oyunumuzdur. Onu düzəldə bilməmişik. Amma futbolçularım yaxşıdır. “Səbail” Azərbaycan çempionatında ən yaxşı futbol oynayan komandalardan biridir. “Səbail”in yolu düzdür. “Qarabağ”, “Neftçi”, “Zirə” ilə başabaş futbol oynayırıq, qapazaltı komanda deyilik. Sadəcə, stabillik çatışmır. Ötən il dedim ki, Premyer Liqada qalacağıq, qaldıq. Bu il dedim ki, iddialı olacağıq, artıq iddialıyıq. Sona qədər mübarizə aparacağıq. Hazırkı futbolla avrokuboklara layiqik. Futbolçularıma dedim ki, üzülməyin, futbol oynayırsız, nəticə gec-tez olacaq. Oyun varsa, nəticə mütləq gələcək. Vay o gündən ki, oyun olmaya, amma qələbələr qazanasan. Sevinirəm ki, komandam futbol oynayır, komandamla fəxr edirəm”.


