Azərbaycan Premyer Liqasındakı yerini çətinliklə qoruyan “Səbail” hücumçusu Mirabdulla Abbasov ilə də yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildrilir ki, klub rəhbərliyi Mirabdulla Abbasovla yolları ayırmaq barədə qərar qəbul edib. Oyunçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.
Mirabdullaya xidmətlərinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
Xatırladaq ki, Mirabdulla Abbasov 2022-ci ilin sentyabrında “Neftçi”dən azad agent kimi ayrılaraq “Səbail”lə müqavilə imzalamışdı. O, geridə qalan mövsümdə bu komandanın heyətində 21 oyuna çıxıb, 4 qol və 2 məhsuldar ötürmə müəllifi olub. Mirabdullanın “Səbail” karyerası bütövlükdə 34 oyun, 7 qol və 4 assistdən ibarətdir. 28 yaşlı futbolçu daha öncə “Neftçi”, “Sumqayıt” və “Dauqavpils”də də çıxış edib. Mirabdulla Azərbaycan milli komandasında da 4 oyun keçirib.
Xatırladaq ki, “Səbail” daha öncə Emil Martinov, Qoba Zakpa, Luvaqa Kizito, Qustavo de Fransa, Franko Mazurek, Petro Stasyuk və Ruslan Hacıyevlə də yollarını ayırmışdı. Əvəzində Vüqar Həsənovla yeni müqavilə bağlamış “dənizçilər”, “Kəpəz”dən ayrılan Yusif Nəbiyevlə “Sumqayıt”ı tərk etmiş Süleyman Əhmədovu transfer edib.