“Beşiktaş”ın sabiq baş məşqçisi Mirça Luçesku Türkiyə klubundan gələn yeni təklifi rədd etməsinin səbəbini açıqlayıb.
Arena.az xəbər verir ki, rumıniyalı mütəxəssis bu barədə İtaliya mətbuatına açıqlama verib.
O, bu ilin yanvar ayında İstanbul klubundan transfer təklifi aldığını, lakin bunu qəbul etmədiyini bildirib. “Tuttomercatoweb”ə danışan Luçesku Beşiktaşın tələbini niyə rədd etdiyini bu sözlərlə açıqlayıb:
“Beşiktaş”a “yox” dedim. Bu komanda ilə çempionluğu necə düşünürsünüz? Yeni mövsümün əvvəlindən gələ biləcəyimi dedim. Bu mümkün olsa, tamam, əks halda komandanı çalışdırmağa borclu deyiləm. Nəyin bahasına olursa olsun”.
Xatırladaq ki, Mirça Luçesku 2002-ci ilin iyul ayından 2004-cü ilin may ayına qədər məhz “Beşiktaş”da baş məşqçi kimi çalışıb. Həmin vaxt o, “qara qartallar”ı 89 oyuna (53 qələbə, 19 heç-heçə, 17 məğlubiyyət) çıxarıb və bu kluba 100-cü ildönümündə çempionluq sevinci yaşadıb. Luçesku 2002/2003 mövsümündə “Beşiktaş”la UEFA Kubokunun 1/4 finalına yüksəlib.
Luçeskunun sonuncu iş yeri Kiyev “Dinamo”su olub. O, ötən ilin noyabrında Ukrayna klubundan ayrıldığını və məşqçilik karyerasına xitam verdiyini açıqlamışdı.
Luçesku üçün “Dinamo” məşqçilik karyerasında ikinci Ukrayna klubu olub. Təcrübəli mütəxəssis bundan əvvəl Ukraynada 2004-2016-cı illərdə Donetsk “Şaxtyor”unu uğurla çalışdırıb. Rumın mütəxəssis “şaxtaçılar”a 8 dəfə Ukrayna çempionluğunu, 2009-cu ildə isə UEFA Kubokunu qazandırıb.
Luçesku zəngin məşqçilik karyerası ərzində Türkiyə milli komandasını, Milan “İnter”ini, Sankt-Peterburq “Zenit”ini, “Qalatasaray”ı da çalışdırıb. O, UEFA Çempionlar Liqasında qazandığı qələbələrin sayına görə ilk 15 məşqçi arasındadır.
Məşqçilik karyerası ərzində 35 qənimət qazanmış Luçeskunu bu göstəricidə yalnız Aleks Ferqyuson və Xosep Qvardiola qabaqlayırlar.
Bahar Rüstəmzadə