Rumıniya yığmasının baş məşqçisi, qocaman rumın mütəxəssis Mirça Luçesku bir yığma komandada məşqçilik müddəti üzrə rekord müəyyənləşdirib.
Arena.az bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına (IFFHS) istinadən məlumat verir.
Oktyabrın 12-də Mirça Luçesku Rumıniya yığmasını UEFA Millətlər Liqasının C Liqasının 2-ci qrupunun 3-cü turu çərçivəsində Kipr yığmasına qarşı səfər oyununa çıxarıb və 3:0 hesablı qələbə qazanıb.
Beləliklə, Mirça Luçesku bir milli komandada ən uzun məşqçilik karyerası üzrə rekordçu olub.
79 yaşlı rumın mütəxəssis 1981-ci il noyabrın 11-də Rumıniya yığmasının baş məşqçisi kimi debüt oyununu keçirib. Bu, İsveçrə yığması ilə oyuna təsadüf edib və 0:0 hesabı ilə başa çatıb. Beləliklə, Luçeskunun Rumıniya yığmasının başımda ilk oyunundan son oyununa qədər 42 il 336 gün keçib. Müvafiq nəticə, Paraqvay yığmasının keçmiş baş məşqçisi, paraqvaylı mütəxəssis Manuel Fleytas Soliçin nailiyyətini 4 gün qabaqlamış rekord göstəricidir.
Manuel Fleytas Soliç ilk dəfə 1922-ci ilin sentyabrında Braziliya millisinə qarşı keçirilmiş oyunda (1:1) Paraqvay yığmasına rəhbərlik edib. Soliç Paraqvay yığmanın baş məşqçisi kimi son oyununu 1965-ci ilin avqustunda Boliviya yığmasına qarşı keçirib (1:2).
Vurğulanır ki, bu siyahıda milli komandaların sükanı arxasında məşqçilik karyerasında fasilə nəzərə alınmır, ona görə də müvafiq nəticə Luçeskunun milli komandada işləmədiyi 1986-2024-cü illər müddətini də əhatə edir.
Oktyabrın 15-də Luçesku Litva yığmasına qarşı oyunda öz şəxsi rekordunu yeniləyə bilər.