Kiyev “Dinamo”sunun sabiq baş məşqçisi Mirça Luçesku futbol üzrə Rumıniya milli komandasının baş məşqçisi təyin olunub.
Arena.az xəbər verir ki, bu barədə Rumıniya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
79 yaşlı mütəxəssislə müddəti 2026-cı ilə qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. O, bu postda Edvard Yordeneskunu əvəz edib.
Xatırladaq ki, Rumıniya millisi Edvard Yordeneskunun rəhbərliyi altında AÇ-2024-də çıxış edib. 46 yaşlı rumın mütəxəssis 2022-ci ilin yanvar ayından milliyə rəhbərlik edirdi. O, yığmanı 28 oyuna çıxarıb, 10 qələbə, 10 heç-heçə və 8 məğlubiyyət görüb.
Mirça Luçesku da daha öncə Rumıniya yığmasına rəhbərlik edib. Rumıniyalı çalışdırıcı 1981-1986-cı illər aralığında ölkəsinin millisinin baş məşqçi vəzifəsində işləyib. O, yığmanı 57 oyuna çıxarıb, 23 qələbə, 19 heç-heçə və 15 məğlubiyyət görüb.
Xatırladaq ki, 2023-cü ilin noyabr ayında Luçesku son iş yeri olmuş Kiyev “Dinamo”sundan ayrıldığını və məşqçilik karyerasına xitam verdiyini açıqlamışdı. Lakin görünən odur ki, istirahətdən sonra təcrübəli mütəxəssis sevimli işinə davam etmək qərarına gəlib.
Luçesku üçün “Dinamo” məşqçilik karyerasında ikinci Ukrayna klubu olub. Təcrübəli mütəxəssis kiyevliləri 2020-ci ildən 3 tam mövsüm çalışdırıb. Luçesku bundan əvvəl Ukraynada 2004-2016-cı illərdə Donetsk “Şaxtyor”unu uğurla çalışdırıb. Rumın mütəxəssis “şaxtaçılar”a 8 dəfə Ukrayna çempionluğunu, 2009-cu ildə isə UEFA Kubokunu qazandırıb.
Luçesku zəngin məşqçilik karyerası ərzində Türkiyə milli komandasını da çalışdırıb. O, Buxarest “Dinamo”sunu, “Piza”nı, “Breşiya”nı, “Recina”nı, Buxarest “Rapid”ini, Milan “İnter”ini, Sankt-Peterburq “Zenit”ini, “Qalatasaray”ı, “Beşiktaş”ı çalışdırıb. Luçesku UEFA Çempionlar Liqasında qazandığı qələbələrin sayına görə ilk 15 məşqçi arasındadır. Məşqçilik karyerası ərzində 35 qənimət qazanmış Luçeskunu bu göstəricidə yalnız Aleks Ferqyuson və Xosep Qvardiola qabaqlayırlar.