Miroslav Kloze: “Mahir Emreli 90 dəqiqə oynamağa hazır deyil”

Almaniyanın “Nürnberq” komandasının baş məşqçisi Miroslav Kloze azərbaycanlı hücumçu Mahir Emrelinin hazırkı durumu barədə danışıb.

Arena.az xəbər verir ki, almaniyalı mütəxəssis 27 yaşlı futbolçunun bu həftə meydana çıxmasının mümkünlüyünü istisna etməyib:

“Mahirin əvvəldən oynayıb-oynamayacağını hələlik bilmirəm. Bu, onun üçün erkən ola bilər. Emreli 90 dəqiqə oynamağa hazır deyil. Amma matça sonra daxil ola bilər. Əminəm ki, Emreli ən azı yarım saat oynaya biləcək. İnanıram ki, o, sonradan meydana çıxsa, fərq yarada bilər”, deyə Miroslav Kloze azərbaycanlı hücumçunun durumuna şərh verib.

Qeyd edək ki, azərbaycanlı hücumçu “Ulm” komandasına səfərdə 2:1 hesabı ilə qalib gəldikləri İkinci Bundesliqanın 5-ci turunun matçında iştirak ərizəsində yer alsa da, meydana buraxılmayıb. “Nürnberq” sentyabrın 21-də “Herta”nı qəbul edəcək. Bu görüşdə Emrelinin də debütünün baş tutması gözlənilir.

Xatırladaq ki, Mahir Emreli bu il avqustun 6-da “Nürnberq”lə 1 illik müqavilə imzalayıb. Onun sözləşməsinin müddəti mövsümün sonunda artırıla bilər. Lakin azərbaycanlı futbolçu zədəli olduğundan onun yeni komandasında debütü bir qədər gecikir.

“Bakı”nın yetirməsi olan Mahir Emreli karyerası ərzində “Qarabağ”, “Legiya”, “Konyaspor” və “Dinamo” (Zaqreb) klublarında da forma geyinib. Hücumçu Azərbaycan millisində keçirdiyi 46 oyunda 5 qol vurub.