“Nürnberq”in baş məşqçisi Miroslav Kloze Azərbaycan millisinin futbolçusu Mahir Emrelini transfer etmələrinə münasibətini açıqlayıb.
Arena.az xəbər verir ki, gənc mütəxəssis 27 yaşlı hücumçu haqqında müsbət fikirlər səsləndirib:
“Həqiqətən yaxşı oyunçu qazandıq. O, yaxşı təcrübəyə malikdir. Emreli 2-ci Bundesliqada mübarizə aparacaq gücdədir. Əla zərbələri var. Topla yaxşı oynaya, qaça bilir və boşluqları hiss edir”, deyə Miroslav Kloze yerli mətbuata açıqlamasında bildirib.
Xatırladaq ki, Mahir Emreli avqustun 6-da “Nürnberq”lə 1 illik müqavilə imzalayıb. Onun sözləşməsinin müddəti mövsümün sonunda artırıla bilər. Lakin hazırda azərbaycanlı futbolçu zədəli olduğundan onun yeni komandasında debütü bir qədər gecikəcək.
“Nürnberq” Almaniyanın ikinci Bundesliqasında mübarizə aparır. Sözügedən komanda 2024/2025 mövsümünün ilk turunda səfərdə “Karlsrue” ilə qarşılaşıb və 2:3 hesabıyla uduzub. Mahirin komandası Bundesliqanın 2-ci turu çərçivəsində avqustun 10-da “Şalke”ni qəbul edəcək.
Xatırladaq ki, Mahir Emreli 2022-ci ilin fevral ayından Zaqreb “Dinamo”sunda çıxış edirdi. O, Xorvatiya nəhənginə Polşanın “Legiya” (Varşava) klubundan transfer olunmuşdu. Mahir Zaqreb təmsilçisinin heyətində bütövlükdə 47 matça çıxıb, 10 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Mahirin Xorvatiya klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi vardı. Azərbaycanlı futbolçu bu komanda ilə 3 dəfə Xorvatiya çempionu olub. Bundan əlavə, Mahir bir dəfə Xorvatiya Kubokunun, bir dəfə də Xorvatiya Super Kubokunun qalibi adını qazanıb.
Karyerası ərzində “Qarabağ”, “Legiya”, “Konyaspor” və “Bakı”da da oynamış hücumçu Azərbaycan millisində keçirdiyi 46 oyunda 5 qol vurub.