Miroslav Kloze “Nürnberq”in baş məşqçisi təyin edildi

Futbol üzrə Almaniya millisinin sabiq hücumçusu Miroslav Kloze İkinci Bundesliqada mübarizə aparan “Nürnberq”in baş məşqçisi olub.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

46 yaşlı dünya çempionu ilə imzalanmış müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Kloze yeni komandasındakı işinə iyunun 24-dən etibarən başlayacaq.

Miroslav Kloze 2016-cı ildən məşqçiliyə başlayıb. O, iki il Almaniya yığmasında köməkçi-məşqçi kimi çalışdıqdan sonra 2018-ci ildə “Bayern”in U-17 komandasına rəhbərlik etməyə başlayıb. 2020/2021 mövsümündə “Bayern”in əsas komandasında köməkçi-məşqçi kimi fəaliyyət göstərmiş Kozenin sonuncu iş yeri Avstriyanın “Altax” kollektivi olub. O, 2022-ci ilin iyul ayında təyinat aldığı bu komandadan 2023-cü ilin martında ayrılmışdı və həmin vaxtdan işsiz idi.

Xatırladaq ki, Kloze 2014-cü ildə Almaniya millisinin heyətində dünya çempionluğunu qazanıb. O, həmçinin mundiallarda ən çox qol (16) vuran futbolçudur. Ötənlərin məşhur hücumçusu karyerası ərzində “Homburq”, “Kayzerslautern”, “Verder”, “Bayern” və “Latsio” kimi klubların da formasını geyinib.