Misirlə Nigeriya Afrika Millətlər Kubokunda 1/4 finala çıxdılar

Mərakeşdə təşkil edilmiş futbol üzrə Afrika Millətlər Kubokunda (2025) ötən gün 1/8 mərhələsinin növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, pley-off mərhələsinin üçüncü oyun günündə daha iki qarşılaşma baş tutub.

Əvvəlcə, Misir millisi Benin yığmasıyla münasibətlərinə aydınlıq gətirib. 4 qolun qeydə alındığı oyundan inamlı qələbə ilə ayrılan Misir yığması 1/4 finala adlayıb.

Görüşün iştirakçıları arasında “Neftçi”nin yarımmüdafiəçisi Sessi D’Almeyda da olub. Benin yığmasının start heyətində yer almış yarımmüdafiəçi 77-ci dəqiqədə əvəzlənib. “Sumqayıt”dan Benin millisinə dəvət almış Abdul Raşid Mumini isə cəzalı olduğu üçün bu görüşü kənardan izləyib.

Günün digər oyunu Nigeriya və Mozambik yığmaları arasında baş tutub. Rəqibini 4 cavabsız qolla yenmiş Nigeriya millisi 1/4 finala vəsiqə qazanıb.

Mozambik yığmasının heyətində “Zirə”də çıxış edən Quima da meydanda olub. O, 90 dəqiqə mübarizə aparsa da, komandasının mübarizəni dayandırmasına mane ola bilməyib.

Qeyd edək ki, Afrika Millətlər Kubokunda mübarizəyə yanvarın 18-də keçiriləcək final oyunu ilə yekun vurulacaq.

Afrika Millətlər Kuboku
1/8 final mərhələsi
3 yanvar

Seneqal – Sudan 3:1
Qollar: Qeye, 29; 45+3. Mbaye, 77 – A.Abdalla, 6.

Mali – Tunis 1:1 (penaltilər 3:2)
Qollar: Sinayoko, 90+6-pen – Şauat, 88.

4 yanvar

Mərakeş – Tanzaniya 1:0
Qol: B.Dias, 64.

CAR – Kamerun 1:2
Qollar: Makqopa, 88 – Tçamaeu, 34. Kofane, 47.

5 yanvar

Misir – Benin 3:1
Qollar: Attia, 69. Y.İbrahim, 97. Salah, 120+4 – Dossu, 83.

Nigeriya – Mozambik 4:0
Qollar: Lukman, 20. Osimhen, 25; 47. A.Adams, 75.

6 yanvar

20:00. Əlcəzair – Konqo DR
23:00. Kot-d’İvuar – Burkina Faso

Xəbəri sosial şəbəkələrdə paylaş: