Mixael Valkanis “Adana Dəmirspor”dan qovuldu

Avstraliyalı futbol mütəxəssisi Mixael Valkanis Türkiyənin “Adana Dəmirspor” komandasının baş məşqçisi vəzifəsindən azad olunub.

Arena.az xəbər verir ki, bu barədə Super Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

50 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Ona xidmətlərinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

Valkanis bu il iyulun 24-də “Adana Dəmirspor”un baş məşqçisi təyin olunmuşdu. Həmin vaxt tərəflər arasında 1+1 illik müqavilə imzalandığı açıqlanmışdı. Valkanis Adana təmsilçisini cəmi 6 oyuna çıxarıb. Bu görüşlərdə cəmi 1 qələbə qazanmış “Adana Dəmirspor” 5 məğlubiyyətə üzülüb.

Mixael Valkanis daha öncə Təl-Əviv “Hapoel”ində, “Eupen”də, “Melburn Siti”də, “Enfild Siti”də də baş məşqçi olub. O, Niderlandın “Ayaks” klubunda köməkçi məşqçi kimi də çalışıb.

“Adana Dəmirspor” bu mövsüm topladığı 1 xalla Super Liqanın turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.