Mixael Valkanis – “Adana Dəmirspor”un yeni baş məşqçisi

Avstraliyalı futbol mütəxəssisi Mixael Valkanis Türkiyənin “Adana Dəmirspor” komandasının baş məşqçisi təyin olunub.

Arena.az xəbər verir ki, bu barədə Super Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

49 yaşlı mütəxəssislə 1+1 illik müqavilə imzalanıb. O, Adana klubunun sükanı arxasında Hikmət Karamanı əvəz edib. Hansı ki, 2023/2024 mövsümünün tamamında klub rəhbərliyi onu postunda saxlamağa ehtiyac duymayıb.

Mixael Valkanis son olaraq Niderlandın “Ayaks” klubunda köməkçi məşqçi kimi çalışıb. O, daha öncə Təl-Əviv “Hapoel”ində, “Eupen”də, “Melburn Siti”də, “Enfild Siti”də də baş məşqçi olub.

Yeri gəlmişkən, “Adana Dəmirspor” kolumbiyalı hücumçusu Stiven Mendosa ilə də yollarını ayırıb. 32 yaşlı futbolçu ötən mövsüm bu komandanın formasını geyinmiş əksər oyunçular kimi Super Liqa təmsilçisini tərk edib. Bu ilin fevralında Türkiyə klubuna qoşulmuş Mendosa bu komandanın heyətində 14 oyuna 3 qol vurub.

Stiven Mendosa daha öncə “Seara”, “Amyen”, “Santos”, “Bahia”, “Çennayin”, “Nyu York Siti”, “Korintians”, “Deportivo Kali”, “Enviqado” kimi klubların da formasını geyinib. Kolumbiya yığmasında 2019-cu ildə 1 oyun keçirmiş hücumçuya sonralar ehtiyac duyulmayıb. Onun karyerasını harada davam etdirəcəyi hələ bilinmir.

Xatırladaq ki, “Adana Dəmirspor” Türkiyə Super Liqasında 2023/2024 mövsümünü 44 xalla 12-ci pillədə başa vurub. Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev də geridə qalmış mövsümü məhz bu klubda keçirib. Amma mövsüm bitən kimi əksər futbolçular kimi, “Şah” da maliyyə problemləri səbəbindən Adana təmsilçisini tərk edib.