“Çelsi”nin ukraynalı vingeri Mixaylo Mudrik sosial şəbəkələrdə paylaşdığı videoya görə ictimaiyyətin qınaq obyektinə çevrilib.
Arena.az xəbər verir ki, Mudrikin “Instagram” “Story”sində paylaşdığı video xoşagəlməz təəssürat oyadır.
Videoda avarçəkmə trenajorunda məşq edən yaşlı kişi təsvir edilib. Məşq zamanı onun şortu güman ki, əynindən düşür. Ən azı, Mudrik şortun düşdüyü hissədə bulanlıq kvadrat yerləşdirib.
Fitnes-inflyuenser Coui Svoll Mudriki bu videoya görə özünün “Twitter” hesabında tənqid edib:
“Beləliklə, sən zalda məşqçi ilə səylə işləyən, daha yaxşı olmağa çalışan adam görürsən. O, yöndəmsiz vəziyyətə düşüb və bir qədər çılpaq olub.
Və sən qərara gəlirsən: “Ey, gəlin, mən bunu sosial şəbəkələdə paylaşmaq üçün videoya çəkim ki, onu məsxərəyə qoyub gülək. Və bütün bunlar əylənmək üçün edilir. Eləmi, düzdür?! Məni dilimə görə bağışlayın, amma lənət şeytana, səndə nəsə qaydasında deyil?
Sən peşəkar futbolçusan, Premyer Liqada “Çelsi”nin şərəfini qoruyursan! Doğrudanmı sən öz komandanı məhz belə təmsil etmək istəyirsən?”
Diqqətinizə çatdıraq ki, bir müddət əvvəl Mudrikin adı cari mövsümdə Premyer Liqanın ən pis 10 transferi siyahısında hallanıb. “Zadəganlar” bu ilin yanvarında onu Ukraynanın “Şaxtyor” (Donetsk) klubundan 70 milyon avroya transfer ediblər. Amma Ukrayna milli komandasının 22 yaşlı sol cinah vingeri London təmsilçisinin heyətində meydana çıxdığı 16 oyunda cəmi 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Mixaylo Mudrik daha öncə Kiyev “Arsenal”ında (10 oyun), “Desna”da (Çerniqov, 11 oyun) və “Şaxtyor”da (44 oyun, 12 qol, 17 asist) oynayıb. O, Ukrayna millisində də 9 oyun keçirib.