“Transfermarkt” internet-portalı MLS-in ən bahalı futbolçularından ibarət yenilənmiş siyahısını təqdim edib.
Arena.az məlumat verir ki, siyahının ilk pilləsində “İnter Mayami”nin argentinalı ulduzu, hücumçusu Lionel Messi qərarlaşıb.
Amma buna rəğmən, “Leo”nun transfer dəyəri 5 milyon avro məbləğində ucuzlaşaraq, indi 30 milyon avro məbləğindədir. Özü də Messi siyahıda yer almış oyunçular arasında transfer məbləği ucuzlaşmış yeganə futbolçudur.
MLS-in ən bahalı oyunçularının ilk beşliyini təqdim edirik.
- Lionel Messi (Argentina, “İnter Mayami”) – 30 milyon avro;
- Tyaqo Almada (Argentina, “Atlanta Yunayted”) – 27 milyon avro;
- Fakundo Torres (Uruqvay, “Orlando Siti”) – 14 milyon avro;
- Kuço Ernandes (Kolumbiya, Kolumbus Kryu”) – 13 milyon avro;
- Riki Puç (İspaniya, “Los-Anceles Qelaksi”) – 12 milyon avro.
Lionel Messi 2023-cü ilin yayında PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Messinin amerikan klubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 5 oyuna çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə verib.
“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.
Argentinalı superulduz yığma ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.
Ötən il oktyabrın 30-da Messi karyerasında 8-ci “Qızıl top”a layiq görülüb. “Leo” daha öncə 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olmuşdu və bu mütləq rekorddur.
Vurğulayaq ki, Messi hazırda yüngül zədədən əziyyət çəkir və bərpa ilə məşğuldur.