“Monpelye”nin prezidenti Loran Nikollen fransalı mütəxəssis Mişel Ter-Zakaryanı “paladinlər”in baş məşqçisi vəzifəsindən istefaya göbdərib.
Arena.az “RMC Sport” dərgisinə istinadən məlumat verir ki, Fransa klubunun prezidenti müvafiq qərarını Liqa 1-in 8-ci turu çərçivəsində evdə Marsel “Olimpik”inə 0:5 hesablı məğlubiyyətdən sonra dərhal şəxsən açıqlayıb:
“Bildirmək istərdim ki, Mişel Ter-Zakaryanla müqaviləyə xitam vermişəm. O, artıq komandamızın baş məşqçisi deyil. Bu axşam gördüyüm səmərəni və münasibəti nəzərə alaraq, özümü bu işə müdaxilə etmək və tərəfdaşlığımızı bitirmək məcburiyyətində hiss etdim. Bu, xoş həyatdan qaynaqlanmır. Amma klub hər şeydən öndə – birinci yerdədir. Futbolçulara dedim ki, məşqçini onlar qovdurdular. Amma futbol həyatı belədir, nəticə olmayanda məşqçini dəyişmək, 25 futbolçunu dəyişməkdən daha asandır”.
Qeyd edək ki, 8 turdan sonra “Monpelye” Liqa 1-in yarış cədvəlində 4 xalla sonuncu, 18-ci pillədə qərarlaşıb.
Əslən Ermənistandan olan Mişel Ter-Zakaryan futbolçu karyerası dövründə yalnız “Nant” və “Monpelye”nin şərəfini qoruyub. O, məşqçilik karyerasına da məhz Monpelyenin eyniadlı təmsilçisində başlayıb. Burada əvvəlcə köməkçi məşqçi kimi çalışan erməni mütəxəssis, 2017-2012-ci illərdə bu komandada baş məşqçi olub. Komanda həmin vaxt onun rəhbərliyi altında 161 oyun keçirib, 62 qələbə qazanıb, 54 heç-heçə edib, 45 məğlubiyyətə üzülüb.
Mişel Ter-Zakaryan 2023-cü ilin fevralında yenidən bu komandanı qəbul etmişdi. Ter-Zakaryanın rəhbərliyi altında bu komanda bütövlükdə 222 oyuna çıxıb, 85 qələbə, 67 heç-heçə, 70 məğlubiyyət yaşayıb. Topların fərqi isə 320:300 nisbətindədir.
61 yaşlı məşqçi karyerası ərzində “Nant”, “Klermon”, “Reyms” və “Brest”ə də rəhbərlik edib.