Rotterdam “Sparta”sı ilə yollarını ayıran niderlandlı mütəxəssis Moris Steyn Niderland nəhəngi “Ayaks”ın yeni baş məşqçisi təyin olunub.
Arena.az xəbər verir ki, bu barədə Amsterdam təmsilçisinin rəsmi saytı məlumat yayıb.
49 yaşlı mütəxəssislə 3 illik (2026-cı ilin 30 iyununa kimi) müqavilə imzalanıb.
Xatırladaq ki, Moris Steyn 2022-ci ilin aprelindən “Sparta”ya rəhbərlik edirdi. Onun bu klubla müqaviləsinin müddəti bu ayın 30-da başa çatıb. “Ayaks”dan sərfəli təklif alan Steyn Rotterdam təmsilçisi ilə yeni sözləşmə imzalamaq istəməyib. Onun rəhbərlik etdiyi “Sparta” geridə qalan mövsümü 59 xalla 6-cı sırada bitirib. “Ayaks” isə 69 xalla 3-cü yeri tutub.
Niderlandlı mütəxəssis daha öncə “Breda”, “Əl-Vahda”, “Venlo” və “Den Haq” komandalarına da rəhbərlik edib.
Steyn “Ayaks”ın baş məşqçisi postunda bir müddət əvvəl istefaya göndərilmiş Con Heytinqanı əvəzləyib. O, bu ilin yanvar ayında əsas komandaya müvəqqəti baş məşqçi təyin olunmuşdu. Heytinqa həmin vaxt Alfred Şröderin istefaya göndərilməsindən sonra bu posta təyin edilmişdi. Con bu müddətdə komandanı 22 oyuna çıxarıb – 14 qələbə, 3 heç-heçə, 5 məğlubiyyət.
2022/2023 mövsümünü 3-cü pillədə başa vuran “Ayaks” UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməyib. Komanda qarşıdakı mövsümdə Niderlandı Avropa Liqasında təmsil edəcək.






