“Yuventus”un baş məşqçisi Tyaqo Motta İtaliya A Seriyasının 9-cu turu çərçivəsində “İnter”lə qarşıdakı səfər oyunu haqda söhbət açıb.
Arena.az “Football Italia” nəşrinə istinadən, braziliyaəsilli italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Biz öz futbolumuza, fikrimizə əminik. “İnter” – bizim növbəti rəqibimizdir. Bu, həmişə zirvədə olmaq üçün yaşanmalı olan böyük bir oyundur. Həmişə olduğu kimi, biz iki yüz faizlə oynamaq üçün meydana çıxırıq. Elə bir oyun yoxdur ki, orada fərqli davranaq. Sonra qalib gəlirsən və ya məğlub olursan, amma həmişə mümkün olan ən yaxşı nəticəni əldə etməyə çalışırsan.
“İnter”lə cəsarət və əzmlə qarşılaşmalıyıq. Onlar həqiqətən yaxşı futbol oynayan komandadırlar və əks-hücumlar üzərindən bir çox komandaya fəsadlar yaradıblar. Onlar çox təhlükəli komandadırlar, hücuma məruz qalanda tez toparlanırlar, yaxşı müdafiə mərhələsinə malikdirlər, elə, hücumda da çox sürətlidirlər, biz diqqətli olmalıyıq”, deyə Motta vurğulayıb.
Turin təmsilçisinin baş məşqçisi İtaliya A Seriyasının cari mövsümünün favoritləri haqda da fikrini bildirib: “İnter” və “Yuventus” arasında hələ də uçurum varmı? Bu, faktdır. Obyektiv olaraq deyə bilərik ki, “İnter” və “Napoli” A Seriyasının qalibi olmaq üçün favoritlərdir”, deyə Motta qeyd edib.
Xatırladaq ki, “İnter” – “Yuventus” oyunu bu gün – oktyabrın 27-də “Cüzeppe Meatsa” stadionunda baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 21:00-da başladacaq.
“İnter” hazırda 17 xalla 2-ci, “Yuventus” 16 xalla 3-cüdür. Turnir cədvəlinə 22 xalı olan “Napoli” başçılıq edir.



