“Yuventus”un baş məşqçisi Tyaqo Motta “byankoneri”nin yarımmüdafiəçisi Pol Poqbanın dopinqə görə cəza müddətinin azaldılmasından danışıb.
Arena.az braziliyaəsilli italiyalı mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Klub Poqba ilə nə edəcəyinə qərar verəcək. Pol əla futbolçu idi… amma çoxdandır oynamır. Mən diqqətimi yalnız indiki zamana cəmləmişəm”, deyə Motta vurğulayıb.
Xatırladaq ki, İdman Arbitraj Məhkəməsi (CAS) Poqbanın dopinq istifadəsi ilə bağlı cəzasının müddətini azaldıb. Fransalı futbolçunun cəza müddəti daha əvvəl təyin edilmiş 4 il müddətindən 1 il 6 ay müddətinə endirilib.
Daha əvvəl, Poqbanın cəza müddəti hələ azaldılmamış, “Yuventus”un fransalı futbolçu ilə yollanı ayırmaq haqda düşündüyü barədə məlumat yayılmışdı. Cəza müddətinin azaldılması haqda xəbərdən sonra isə Poqbanın özünün “qoca sinyora” ilə yollarını ayıracağı haqda xəbərlər ortaya çıxdı.
Əlavə edək ki, bu mənzərədə Poqba məşq edir, öz idman forması üzərində çalışır və meydana qayıdacağı zamanı gözləyir. Poqba 2025-ci ilin yanvarından etibarən “Yuventus”la ümumi məşqlərə başlaya biləcək. Gələn ilin martına qədər isə Poqbanın rəsmi oyunlarda iştirakına icazə veriləcək.
Fransalı futbolçuya Səudiyyə Ərəbistanı Peşəkar Liqası və MLS-dən təkliflər gəldiyi haqda da məlumatlar var.