Mourinyo Afrika Millətlər Kubokunda VAR-ın işini təriflədi

“Roma”nın sabiq baş məşqçisi Joze Mourinyo Afrika Millətlər Kubokunda VAR sisteminin işini yüksək qiymətləndirib.

Arena.az “Sports brief” dərgisinə istinadən, portuqal mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Mən Avropa futbolundan daha çox Afrika Kubokunu izlədim. Düzünü desəm, o, bizə sadəcə dərs verir. Afrika Kubokunda VAR tam olaraq lazım olduğu kimi istifadə edilir.

Təkrarlar pul qazanan komandalara və ya böyük komandalara kömək etmək üçün istifadə edilmir. Buna görə də hər komanda özünün ən yaxşı oyununu nümayiş etdirdi: VAR-ın pərdə arxasında danışıqlar aparılmadığını, bunun hamı üçün işlədiyini bilirlər.

Hakim nəyisə qaçırıbsa, oyunçuları dinləyir və yoxlayır. Avropada hansısa məşqçi və ya oyunçu hakimdən nəyisə yoxlamaq istəsə, qırmızı vərəqə alır. VAR qərargahı Afrika Futbol Konfederasiyasına köçürülməlidir”, deyə Mourinyo özünəməxsus üslubda bildirib.