“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo Türkiyə klubundan ayrıldıqdan sonra hansı komandanı çalışdırmaq istədiyini açıqlayıb.
Arena.az BBC-yə istinadən, portuqal mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Fənərbaxça”dan ayrıldığım zaman edə biləcəyim ən yaxşı xüsus, avrokuboklarda oynamayan bir kluba üz tutmaqdır. Odur ki, İngiltərənin dibində olan bir kluba iki ildən sonra bir məşqçi gərək olacaqsa, mən hazıram”, deyə “Mour” özünəməxsus tərzdə bildirib.
Xatırladaq ki, 61 yaşlı Joze Mourinyo cari ilin iyul ayında “Fənərbaxça”nın sükanı arxasına keçib. Portuqal mütəxəssis İstanbul klunu ilə müddəti 2026-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. “Fənər” “Mour”un qarşısında nə az, nə çox – klubun iddialarını gerçəkləşdirmək tapşırığını qoyub.
Bu müddətdə portuqal mütəxəssis “Fənərbaxça”nı 14 oyuna çıxarıb, 8 qələbə, 5 heç-heçə, 2 məğlubiyət yaşayıb. “Fənər”in top fərqi isə 30:17 nisbətindədir.
Joze Mourinyo “Fənərbaxça”dan öncə İtaliyada “Roma”ya rəhbərlik edirdi. 61 yaşlı mütəxəssis karyerası ərzində “Benfika”, “Unian Leyriya”, “Portu”, “Çelsi”, “İnter”, “Real”, “Mançester Yunayted” və “Tottenhem” kimi klublarda da baş məşqçi kimi çalışıb, bu komandaların əksəri ilə böyük uğurlara imza atıb.