Mourinyo: “Gələcəyimlə bağlı həqiqəti komandama demişəm”

İtaliyanın “Roma” komandasının baş məşqçisi Joze Mourinyo özünün klubdakı gələcəyinə dair suala aydınlıq gətirib.

Arena.az “Goal”a istinadən xəbər verir ki, Mour bu məsələdə qətiyyətli mövqe sərgiləyib:

“Mən heç bir klubla danışıqlar aparmamışam. Heç bir danışıq-filan yoxdur. Mən öz gələcəyimlə bağlı həqiqəti komandama demişəm. Ancaq bu, bizim aramızda qalacaq. Futbolçularım mənim nə edəcəyimi bilirlər”.

Bir müddət əvvəl bildirilirdi ki, Mourinyonun rəsmi qərarı Avropa Liqasının “Roma” və “Sevilya” arasında keçiriləcək final oyunundan sonra məlum olacaq.

60 yaşlı Mourinyo “Roma”nı 2021-ci ilin iyul ayından çalışdırır. Ötən il Mour “Roma”ya Avropa Konfrans Liqasını qazandırmaqla tarixi uğura imza atıb. Portuqal mütəxəssisin klubla müqaviləsi 2024-cü ilin iyun ayına qədərdir.

“Roma” mövsümü İyunun 4-də “Olimpiko”da A Seriyasının son turu çərçivəsində “Spetsiya”nı qəbul etməklə başa vuracaq.

Xatırladaq ki, Joze Mourinyo “Roma”nı ötən mövsüm Avropa Konfrans Liqasının finalına çıxarmış və qələbə qazandırmışdı. Bu mövsüm isə eyni uğuru Avroliqada təkrarlamaq arzusundadır.