Mourinyo “Latsio”ya kubokdakı məğlubiyyəti şərh etdi

“Roma”nın baş məşqçisi Joze Mourinyo İtaliya Kubokunun 1/4 finalında “Latsio” ilə oyundan (0:1) sonra fikirlərini paylaşıb.

Arena.az xəbər verir ki, portuqal mütəxəssis komandasının məğlubiyyətini belə şərh edib:

“Uduzmaq, xüsusilə də derbidə həmişə ağrılıdır. Bizim böyük çətinliklərimiz var və daim onların öhdəsindən gəlməyə çalışırıq.
Bu gün biz müasir futbolun gerçəkliyinə görə uduzduq. Hakim hadisədən üç metr aralıda idi və penalti vermədi, o, hər şeyi görürdü. Adətən Orsato oynamağa icazə verir. Amma VAR-a görə indi kimsə kompüterin başına oturur və ən kiçik təmasa görə cərimə təyin etmək qərarına gəlir. 20 il əvvəl oyunçular indiki kimi, yerə hopmurdular”, deyə Mourinyo təəssüflə bildirib.

“Roma” əzəli rəqibi “Latsio”ya 0:1 hesabı ilə məğlub olaraq İtaliya Kubokunda mübarizəsinə xitam verib. Yeganə qolu oyunun 51-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirməklə Mattia Zakkanyi vurub.