Mourinyo: “Modriç mənim fəxrimdir”

“Real”ın keçmiş baş məşqçisi Joze Mourinyo “qaymaqlılar”ın mərkəz yarımmüdafiəçisi Luka Modriç haqda fikirlərini paylaşıb.

Arena.az xəbər verir ki, məşhur portuqal mütəxəssis bu yay Madrid komandasını tərk etməsi gündəmdə olan xorvat futbolçu barədə ağızdolusu danışıb:

“Modriç futbolun gözəlliyini təmsil edir. O, mənim fəxrimdir, çünki heç kim onun necə bir futbolçu ola biləcəyinə inanmadığı halda, onu “Real”a gətirmiş kəs mən olmuşam”, deyə Mourinyo qürurla bildirib.

Luka Modriç “Real”a 2012-ci ilin avqustunda 35 milyon avro müqabilində “Tottenhem”dən keçib. Xorvat yarımmüdafiəçinin İspaniya nəhəngi ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Veteran futbolçu cari mövsümdə “Real”ın heyətində bütün yarışlarda 43 oyun keçirib, 2 qol vurub, 8 məhsuldar ötürmə verib. Lukanın “qaymaqlılar”ın heyətində ümumi oyun statistikası da göz oxşayır: 531 oyun, 39 qol, 86 məhsuldar ötürmə.

Modriç “Real”la dəfələrlə bütün mümkün əsas klub yarışlarında qalib olub. Lukanın “Real”la qazandığı 24 qənimətə 5 UEFA Çempionlar Liqası, 5 FIFA Klub Dünya Kuboku, 4 UEFA Super Kuboku, 4 İspaniya La Liqası, 2 İspaniya Kral Kuboku, 4 İspaniya Super Kuboku daxildir. Həmçinin Modriç çoxsaylı fərdi mükafatların təltifçisidir.

Luka Modriç hazırda kapitanı olduğu, 2006-cı ilin martında debüt etdiyi Xorvartiya yığmasın heyətində 174 oyuna çıxıb, 24 qol vurub, 29 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 38 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.