Mourinyo: “PSJ avrokuboklarda ona görə uğur qazana bilmir ki…”

“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo Fransa nəhəngi PSJ-nin avrokubok yarışlarında uğur qazanmamasının səbəbini açıqlayıb.

Arena.az “Sporx” dərgisinə istinadən, portuqal mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Avropanın azacıq fərqli oyun mədəniyyəti var. Orada daha hərəki və sərt komandalarla məşğul olmalısan. Türkiyədə isə oyun azacıq fərqlidir.

Məsələn, PSJ niyə avrokuboklarda uğur qazana bilmir? Çünki onlar Fransada oynayaraq avrokuboklarda qarşılaşacaqlarına hazırlaşa bilmirlər. Türkiyədəki oyunlar üçün bəzən avrokubok oyunlarını nəzərə alaraq dərhal taktika fikirləşirəm. Çünki burada edilənləri Avropaya köçürmək çətindir”, deyə Mourinyo fikrini əsaslandırıb.

Fransa Liqa 1-in 14 turundan sonra 34 xal toplamış PSJ yarış cədvəlinin zirvəsində qərarlaşıb. Paris klubu ən yaxın izləyicisi “Monako”nu (29 xal) 5 xal qabaqlayır.

Buna rəğmən, Fransa nəhənginin Çempionlar Liqasında vəziyyəti ürəkaçan deyil. Mötəbər yarışın Liqa mərhələsinin ilk 5 turundan sonra 4 xal toplamış PSJ yarış cədvəlinin 25-ci pilləsində qərarlaşıb ki, bu mənzərə Paris klubunun yarışın növbəti, ələmə mərhələsindən kənarda qalmasını şərtləndirir. PSJ ələmə mərhələsinə birbaşa çıxacaq ilk səkkizliyə düşmək imkanını artıq itirib. Ələmə mərhələsinin başa-baş oyunlarına vəsiqə üçün isə PSJ-ni qarşıdakı 3 oyunda ciddi sınaq gözləyir.

Xəbəri sosial şəbəkələrdə paylaş: