“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın açıqlamasına münasibətini bildirib.
Arena.az xatırladır ki, daha əvvəl ispan mütəxəssis İngiltərə Premyer Liqasındakı qalibiyyətlərinin sayını portuqal mütəxəssisin müvafiq yarışda qalibiyyətlərinin sayı ilə müqayisə etmiş və bu müqayisə azacıq təkəbbür xüsuslu alınmışdı:
“Dövrümün, Joze ilə olduğu kimi bir sonu? Ümidvaram ki, bu, mənim vəziyyətimdə deyil! Əvvəl-axır, bəlkə də biz çox oxşarıq… Amma o, üç, mən isə altı Premyer Liqa qəniməti qazanmışam”, – “The Guardian” nəşri Qvardioladan sitat gətirmişdi.
Mourinyo isə öz növbəsində “Pep”in bu yekəxanalığını öz üslubunda – “Xüsusi biri” olaraq cavablayıb. Bu, bir növ “döymə taxta qapımı, döyərəm dəmir qapını” misalı alınıb:
“Qvardiola deyib ki, o, altı Premyer Liqa qəniməti qazanıb, mən isə yalnız üç qənimət qazanmışam, amma mən bunu dürüst və vicdanla etmişəm. Əgər uduzsam, rəqibimi təbrik edəcəyəm, çünki o, məndən üstündür. Mən, 150 pozuntuya baxılarkən qalib gəlmək istəmirəm”, – “Sporх” dərgisi “Mour”un, “Pep” başda olmaqla bütün “Mançester Siti”nin “bostanına daş atmasını” sitat gətirir.
Xatırladaq ki, “Mançester Siti” 2009-2018-ci illər ərzində maliyyə ədaləti qaydalarını pozmaqda ittiham edilir. “Şəhərlilər”in icra etdiyi maliyyə ödənişlərinin hesabatlarını tam açıqlamadığı güman edilir. Hazırda “Mançester Siti” ilə bağlı iddia edilən 115 maliyyə pozuntusu ilə bağlı dinləmələr davam edir. Məhkəmə “şəhərlilər”in təqsirini sübuta yetirərsə, “Mançester Siti” aşağı liqaya “sürgün” edilə bilər. Həmçinin “şəhərlilər”in bu müddət ərzində qazandığı qənimətlərindən məhrum edilməsi məsələsi də gündəmdədir.


