“Fənərbaxça”nın yeni baş məşqçisi Joze Mourinyo “Mançester Yunayted”dəki vəziyyətlə bağlı fikirlərini paylaşıb.
Arena.az “TNT Sports” dərgisinə istinadən, portuqal mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Klubda bir qədər irəliləyiş var, amma əsasən hər şey eynidir – köhnə hamam, köhnə tas. Düşünürəm ki, “Pep” Qvardiola indi digər klublardakı qarmaqarışıqlığı bəyənir”, deyə “Mour” “rəqabət dostu”nun bostanına daş atıb.
Xatırladaq ki, portuqal mütəxəssis “qırmızı şeytanlar”ı 2016-cı ilin iyulundan 2018-ci ilin dekabrına qədər çalışdırıb. Mourinyo “Mançester Yunayted”ə 2016/2017-ci illər mövsümündə Avropa Liqasını, İngiltərə Liqa Kuboku və İngiltərə Super Kubokunu qazandırıb.
Xatırladaq ki, iyunun 2-də “Fənərbaxça” komandanın baş məşqçi vəzifəsinə Joze Mourinyonun təyinatını açıqlayıb. 61 yaşlı mütəxəssislə Türkiyə klubu arasında 3 illik müqavilə imzalanıb.
Joze Mourinyonun son iş yeri İtaliyanın “Roma” klubu olub. Cari ilin yanvarın 16-da Joze Mourinyonun “Roma”nın baş məşqçisi vəzifəsindən gözlənilmədən istefaya göndərilməsi rəsmən açıqlanıb. Portuqal mütəxəssisin yerinə “Roma”nın keçmiş futbolçusu, italyan mütəxəssis Daniele De Rossi təyin edilib.
“Roma”nı çalışdırdığı müddətdə Mourinyo “canavarlar”ı ardıcıl iki dəfə avrokubokların finalına çıxarıb. Mourinyonun rəhbərliyi altında “Roma” 2021/2022 mövsümündə Avropa Konfrans Liqasının ilk mövsümünün qalibi olub. 2022/2023 mövsümündə isə Mourinyonun yetirmələri Avropa Liqasının finalında “Sevilya”ya oyunsonrası penaltilərlə məğlub olublar. Beynəlxalq yarışlarda bu iki nəticə “Roma”nın futbol səhnəsində ən böyük tarixi uğurudur.
Mourinyo karyerası ərzində “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter”, “Portu”, “Leyriya”, “Benfika” və “Barselona”nı çalışdırıb.
Xatırladaq ki, Joze Mourinyo tarixdə UEFA Çempionlar Liqasını, Avropa Liqasını və Avropa Konfrans Liqasını qazanmış ilk məşqçidir.