Mövsümün ən yaxşı oyunçusu və məşqçisi açıqlandı

Futbol üzrə Braziliya çempionatında yenicə başa çatmış mövsümün ən yaxşıları müəyyənləşib.

Xatırladaq ki, Braziliya milli birinciliyinin yekunlarına əsasən illik mükafatlandırma üç nominasiyada təqdim edilir:

Əsas mükafat Braziliya Futbol Konfederasiyasının (CBF) “Globo” mediaşirkəti ilə müştərək təsis etdiyi “Prêmio Craque do Brasileirão” mükafatı və “Placar” idman dərgisinin dəstəyi ilə təqdim edilən “Bola de Prata” (Gümüş top) və “Bola de Ouro” (Qızıl top) mükafatları.

Arena.az xəbər verir ki, adı çəklən nominasiyalarda “Braqantino” klubunun hücumçusu Klaudinyo mövsümün ən yaxşı futbolçusu elan edilib. 24 yaşlı braziliyalı mövsümün ən yaxşı gənc futbolçusu seçilməklə həm də Braziliyanın “Qızıl top”una yiyələnib. Bununla yanaşı Klaudinyo mövsümün ən sərrast futbolçusudur. O, “San-Paulo”nun hücumçusu Lusiano ilə eyni sayda – 18 qol vurmasına baxmayaraq, hesabında 6 məhsuldar ötürmə ilə izləyicisini qabaqlayaraq mövsümün bombardiri adını qazanıb.

Braziliya Futbol Konfederasiyasının ən yaxşı məşqçiyə təqdim etdiyi mükafata isə “İnternasyonal” komandasını çalışdıran Abel Braqa layiq görülüb.

“Bola de Prata” mükafatına isə “Flamenqo”nu çempionluğa daşımış Rojerio Seni sahib olub. 48 yaşlı mütəxəssis “Fla”nı ötən ilin noyabrından çalışdırmağa başlasa da, qısa müddət ərzində mövsümü qızıl medalla başa vurmağı bacarıb.

Braziliya A Seriyasının ən gözəl qolu “Flamenqo”nun hücumameylli yarımmüdafiəçisi Everton Ribeyronun vurduğu qol seçilib.

Qeyd edək ki, “Flamenqo” Braziliya çempionatında mövsümü 71 xalla 1-ci pillədə başa vurub. “İnternasional” 70 xalla 2-ci, “Atletiko Mineyro” 68 xalla 3-cü yeri tutub. Fəxri mükafata isə mövsümü 4-cü pillədə bitirmiş “San-Paulu” sahib olub. Klaudinyonun uğurlarına rəğmən, “Braqantino” 53 xalla mövsümü 10-cu sırada bitirib.