Moyze Ken kəllə-beyin zədəsi aldı, meydanda huşunu itirdi

İtaliya A Seriyasının 26-cı turunun “Verona” ilə səfər oyunu “Fiorentina”nın italiyalı hücumçusu Moyze Ken üçün xoşagəlməz başa çatıb.

Arena.az məlumat verir ki, ikinci hissənin ortalarında oyun məqamlarının birində Moyze Kenin də iştirakı ilə bir neçə futbolçunun kütləvi toqquşması baş verib.

Tibbi yardım göstərildikdən sonra, “bənövşələr”in hücumçusu başında sarğı ilə meydana qayıdıb. Amma bir neçə dəqiqə sonra Ken meydanda yıxılıb. Güman ki, futbolçu huşunu itirib. Tibbi heyətin dərhal müdaxiləsi ilə Kenə meydandaca təcili tibbi yardım göstərilib. Futbolçuya boyun bandajı qoyulub və xərəklə meydandan təxliyə edilərək, xəstəxanaya çatdırılıb.

“Fiorentina” Kenin müayinəsinin nəticəsi haqda məlumat verib, futbolçunun baş zədəsi aldığı məlum olub. Keni daha bir müayinə gözləyir, futbolçu bir müddət nəzarət altında qalmalıdır.

Xatırladaq ki, “Fiorentina” “Verona”ya səfərdə 0:1 hesabıyla məğlub olub.

Mərkəz hücumçusu Moyze Ken böyük futbolda “Yuventus”un heyətində debüt edib. Ken futbolçu karyerası ərzində “Verona”, “Everton” və PSJ-də oynayıb.

“Fiorentina” Keni 2024-cü ilin iyul ayında “Yuventus”dan 13 milyon avro məbləğ müqabilində tamhüquqlu əsasda “bənövşələr”in düşərgəsinə qatıb. Florensiya təmsilçisinin italiyalı futbolçu ilə müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Ken Fiorentina üçün 30 oyun keçirib, 19 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.

Moyze Ken 2018-ci ilin noyabr ayında debüt etyi İtaliya yığmasının heyətində 19 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə verib.

Moyze Kenin qənimətlər muzeyində “Yuventus”la qazandığı İtaliya A Seriyası çempionluğu (3 dəfə), İtaliya Kuboku (2 dəfə) və İtaliya Super Kuboku, həmçinin PSJ ilə qazandığı Fransa Kuboku və Fransa Super Kuboku var.

“Transfermarkt” internet-portalı 24 yaşlı italiyalı mərkəz hücumçusunun transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.