MS və “İnter” də Çempionlar Liqasında yarımfinala yüksəldi

Bu gün futbol üzrə Çempionlar Liqasında 2022/2023 mövsümünün 1/4 final mərhələsinə yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.

Almaniya çempionu “Bayern” doğma meydanda İngiltərə təmsilçisi “Mançester Siti” ilə üz-üzə gəlub. Bu komandalar arasındakı ilk oyunda “şəhərlilər” 3:0 hesablı qələbəyə sevinmişdilər. Cavab görüşündə heç-heçə qeydə alındığından İngiltərə klubu yarımfinala yüksəlib.

Günün digər oyunu İtaliya “İnter”i ilə Portuqaliya “Benfika”sı arasında baş tutub. Milanlılar səfərdə 2:0 hesablı qələbə qazandığından yarımfinala yüksəlməyə daha yaxın görünürdülər. Altı qolun qeydə alındığı cavab görüşündə qalib müəyyənləşməyib. Beləcə, milanlılar növbəti mərhələyə vəsiqə qazanıblar.

Xatırladaq ki, ötən gün “Real” (İspaniya) “Çelsi”ni (İngiltərə), “Milan” (İtaliya) isə “Napoli”ni (İtaliya) mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlmişdi. Beləliklə, yarımfinalda “Real”la “Mançester Siti”, “Milan”la isə “İnter” üz-üzə gələcək.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında yarımfinal görüşləri 9-10 və 16-17 mayda baş tutacaq.

UEFA Çempionlar Liqasının 2022/2023 mövsümünün final qarşılaşması isə Türkiyənin İstanbul şəhərində keçiriləcək. Həlledici matça iyunun 10-da Atatürk Olimpiya Stadionu ev sahibliyi edəcək.

UEFA Çempionlar Liqası
Yarımfinalın cavab oyunları
19 aprel

Bayern (Almaniya) – Mançester Siti (İngiltərə) 1:1
Qol: Kimmix, 83-pen – Haland, 57.
Baş hakim: Kleman Turpen (Fransa).
Münhen. “Alyans Arena”.
İlk oyun – 0:3.

İnter (İtaliya) – Benfika (Portuqaliya) 3:3
Qol: Barella, 14. L.Martines, 65. Korrea, 78 – Aursens, 38. A.Silva, 86. P.Musa, 90+5.
Baş hakim: Karlos del Serro (İspaniya).
Milan. “Cüzeppe Meatsa” stadionu.
İlk oyun – 2:0.

Xəbəri sosial şəbəkələrdə paylaş: