Murad Fətiyev və Zelim Tçkayevdən AÇ-də bürünc medal

Azərbaycan cüdoçuları Zelim Tçkayev və Murad Fətiyev Monteneqroda keçirilən cüdo üzrə Avropa çempionatında bürünc medal qazanıblar.

Arena.az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan millisinin daha 5 idmançısı tatamiyə çıxıb.

Onlardan Zelim Tçkayev və Murad Fətiyevin çıxışı daha uğurlu alınıb. Onlar “bürünc”ə sahib olublar. Bununla da yığmamız Avropa çempionatında 4-cü medalını qazanıb.

Xatırladaq ki, bu yarışda daha öncə Əhməd Yusifovla (60 kq) Rəşid Məmmədəliyev (73 kq) də bürünc medal qazanmışdılar. Avropa çempionatına aprelin 27-də yekun vurulacaq.

Avropa çempionatı
Kişilər

81 kq
Zelim Tçkayev 1/16 finalda Orelyen Bonferroni (İsveçrə) ilə güləşib. Qələbə qazanan cüdoçumuz ardınca Dorin Qotonoaqa (Moldova) və Antonio Esposito (İtaliya) ilə duellərdən də qalib ayrılıb. O, yarımfinalda Tato Qriqalaşvili (Gürcüstan) ilə bacarmayıb. Tçkayev bürünc medal uğrunda Petru Pelivanla (Moldova) üz-üzə gəlib. Medalın taleyinə əlavə dəqiqələrdə aydınlıq gəlib. Zelim ipponla bürüncə sahib çıxıb.

Ömər Rəcəbli 1/16 finalda Eetu İhanamakini (Finlandiya) məğlub edib. O, ardınca Mattias Kasse (Belçika) ilə üz-üzə gəlib. Rəqib mərhələ adladığından həmyerlimiz yarışla vidalaşıb.

90 kq
Murad Fətiyev 1/16 finalda Aleksandr Sidoriklə (IJF) qarşılaşıb və inamlı qələbə qazanıb. Yığma üzvü 1/8 finalda İslam Soqenovla (Serbiya) münasibətinə aydınlıq gətirib. Rəqibini məğlub edən Fətiyev növbəti görüşündə Luka Maysuradzeni (Gürcüstan) də üstələyib. O, yarımfinalda Kristian Parlati (İtaliya) ilə görüşdə uğurlu seriyanı davam etdirə bilməyib. Məğlub olan cüdoçumuz bürünc medal uğrunda Aleksis Matye (Fransa) ilə yarışıb. Murad da həlledici döyüşdə ipponla qalib gələrək, 3-cü yeri tutub.

Qadınlar

70 kq
Günel Həsənli 1/32 finalda Anna Oleynik-Korniyenkoya (Ukrayna), Südabə Ağayeva Adelina Novitskiyə (İsrail) uduzub.

Xəbəri sosial şəbəkələrdə paylaş: