Murad Məmmədov Avropa çempionu olmasından danışdı

Yunan-Roma güləşi üzrə Avropa çempionu Murad Məmmədov Rumıniyanın paytaxtı Buxarestdə qazandığı uğura münasibətini açıqlayıb.

Arena.az xəbər verir ki, o, Azərbaycan Güləş Federasiyanın mətbuat xidmətinə verdiyi açıqlamada bunları söyləyib:

“Bildiyiniz kimi, yanvarda Xorvatiyada keçirilən yarışda qolumdan zədələnmişdim. Zədə o qədər ciddi idi ki, həkimlər əməliyyat olunmağımı məsləhət bilirdilər. Belədə 5-6 ay güləşə bilməyəcəkdim. Ona görə də buna razılaşmadım. Elektromaqnitlə bərpa prosesi keçməklə ağrıları azaltdım. Avropa çempionatına qatıldım. Şükürlər olsun ki, buradan da üzüağ çıxdım. 4 görüş keçirdim. Yarımfinalda Rusiya və finalda Ukrayna güləşçiləriylə qarşılaşmalar çətin keçdi. İlk dəfə Avropa çempionu oldum. Buna qədər bu yarışda gümüş və bürünc medal qazanmışdım. Bu nəticəylə Avropa çempionatında medal kolleksiyamı tamamladım”.

Xatırladaq ki, Buxarestdəki Avropa çempionatında 63 kq-da mübarizə aparan Murad Məmmədov 1/8 finalda danimarkalı Brian Santyaqoya heç bir şans tanımayıb – 8:0. Məmmədov növbəti mərhələdə latviyalı Aleksandrs Yurkyansı məyus edib – 3:1. Murad yarımfinalda rusiyalı Ənvər Allahyarovu xalların keyfiyyətinə görə (3:3) üstələyərək 6 illik fasilədən sonra yenidən Avropa çempionatının finalına yüksəlib. Sumqayıt güləş məktəbinin yetirməsi həlledici görüşdə ukraynalı Aleksandr Xruşinlə qızıl medal uğrunda mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada 2:1 hesabıyla qalib gələn Murad qızıl medala sahib çıxıb.

Bununla da Məmmədov Avropa çempionatında medal kolleksiyasını tamamlayıb. Güləşçimiz buna qədər analoji yarışda gümüş (2018) və bürünc (2022) medal qazanmışdı.