Murad Məmmədov reytinq turnirinin qalibi oldu

Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirinin qalibi olub.

Arena.az xəbər verir ki, bu gün yunan-Roma güləşi üzrə Azərbaycan millisinin 2 üzvü bu yarışda mübarizəyə qoşulub.

Murad Məmmədov (63 kq) 1/4 finalda macarıstanlı Levente Tota (11:0), yarımfinalda isə iranlı Meysam Dalxaniyə (10:1) tam üstünlüklə qalib gəlib. Həmyerlimiz finalda moldovalı dünya və Avropa çempionu Viktor Çobanunu (10:0) elə ilk hissədə aldığı xallarla vaxtından əvvəl məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Beka Kandelaki (130 kq) təsnifat mərhələsində Türkiyənin məşhur güləşçisi Rza Kayaalpa 0:3 hesabıyla uduzub.

Sabah Eldəniz Əzizli (55 kq), Ülvü Qənizadə, Həsrət Cəfərov (hər ikisi 72 kq) və Sənan Süleymanov (77 kq) güləşəcəklər.

Xatırladaq ki, daha əvvəl sərbəst güləşçilərdən Maqomedxan Maqomedov (97 kq) gümüş, Hacı Əliyev (65 kq) isə bürünc medal qazanmışdı.