Murad Musayev, Ahmed Ayzaya və Ülvi İsgəndərov oynamayacaq

“Qəbələ”nin üç futbolçusu – Ahmed Ayzaya, Ülvi İsgəndərov və Murad Musayev bu gün “Turan Tovuz”la oyunda iştirak etməyəcəklər.

Arena.az xəbər verir ki, bu barədə əyalət təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Qəbələ” Azərbaycan Premyer Liqasının 30-cu turunun “Turan Tovuz”la evdə keçiriləcək oyununun hazırlıq prosesini başa vurub. Üç futbolçu komandanın məşqinə qatılmayıb. Ahmed Ayzaya, Ülvi İsgəndərov və Murad Musayev zədə səbəbindən hazırlıq prosesində iştirak etməyiblər. Onların “Turan Tovuz”la matçı buraxacaqları dəqiqdir.

Qeyd edək ki, bu gün – aprelin 13-də Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” – “Turan Tovuz” qarşılaşması saat 16:30-da start veriləcək.

Bu matç iki komanda arasında 9-cu duel olacaq. Rəqiblər buna qədər 7 dəfə çempionat və 1 dəfə kubokda üz-üzə gəliblər.

Əvvəlki qarşılaşmalarda “qırmızı-qaralar” üstünlüyə malikdir. Hesabında 3 qələbə olan “Qəbələ” 3 heç-heçə edib və 2 dəfə uduzub. 13 qol vuran komanda 7 top buraxıb. Bilel Auaşeriya 4, Rafael Utziq və Osama Xalayla 2 dəfə “Turan Tovuz”un qapısına qol vurublar.

Çempionatdakı 7 qarşılaşmada həm “Qəbələ”, həm rəqib 2 dəfə qalib gəlib. Üç görüşdə heç-heçə qeydə alınıb. 11 qol vuran “Qəbələ” 7 top buraxıb.

Dördüncü dəfə rəqibini qonaq edəcək “qırmızı-qaralar” ev oyunlarında 1 qələbə qazanıblar, 1 heç-heçə ediblər və 1 dəfə məğlub olublar. Öz meydanında 5 qol vuran “Qəbələ” 2 top buraxıb.