Murad Musayev: “Məmnunam ki, buna tez reaksiya verdik”

Sabah”ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 24-cü turunda “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, o, 5:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Çox yaxşı və məzmunlu oyun alındı. Yaxşı hücumlardan sonra baxımlı qollar vuruldu. Sadəcə, ikinci hissənin əvvəlləri xoşuma gəlmədi. Buna baxmayaraq, tədricən nəzarəti ələ alıb oyunu sakitləşdirə bildik. Matçın sonlarında bizə lazım olan daha 2 qol vurduq”.

Murad Musayev bildirib ki, “Şamaxı”da bir neçə gün öncə baş məşqçi dəyişikliyi olduğu üçün rəqibin necə oynayacağından məlumatsız olub:

“Yeni mütəxəssis əvəzedici komandadan gəlib, oyun ərzində 2 fərqli sxemdən istifadə etdi. Məmnunam ki, buna tez reaksiya verdik və azarkeşlərimizi sevindirdik”.

Şamaxı”da baş məşqçi vəzifəsini müvəqqəti icra edən Rüstəm Əliyev isə bu cür məğlubiyyət gözləmədiyini söyləyib. O, qısa müddət ərzində gördüyü işlərdən də söz açıb:

“Baş məşqçi postuna bir həftədir təyinat almışam. Futbolçularla söhbətimiz oldu. Məşqlərdə canla-başla çalışırdılar. Qələbə, ən azı heç-heçə gözləyirdik. Bu cür məğlubiyyət acıdır”.

Gənc mütəxəssis rəqib həmkarı və “Sabah” haqqında xoş sözlər söyləməyi də unutmayıb: “Rəqib həqiqətən yaxşı komandadır. Murad Musayevin gəlişindən sonra bu komandada böyük dəyişiklik olub. Artıq avrokuboklara vəsiqə uğrunda mübarizə aparırlar. Hər şey göz qabağındadır”.

Xatırladaq ki, “Şamaxı”nın sabiq baş məşqçisi Sənan Qurbanov ötən həftə “Qarabağ”a böyükhesablı məğlubiyyətdən sonra istefa verdi. Ondan sonra əsas komanda əvəzedicilərin baş məşqçisi Rüstəm Əliyevə tapşırılıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: