Murad Musayev: “Millidən təklif gəlsə, müzakirə edə bilərik”

“Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 14-cü turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, rusiyalı mütəxəssis 1:2 hesabıyla məğlub olduqları ev oyunundan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Meydanda parlaq oyun var idi. Hər iki komanda hücum futbolu sərgilədi. “Qarabağ”a qarşı oynayırsansa, belə səhvlər etməməlisən, iki asan qol buraxmamalısan. Penaltini vura bilmədik. Oyundan sonra futbolçularımın əlini sıxdım. Meydandakı mübarizələrinə görə onlara bir söz deyə bilmərəm. Əllərindən gələni etdilər. Yaxşı oyun oldu, amma nəticə ürəkaçan olmadı.

Təbii ki, penaltidən istifadə edə bilməməyimiz önəmli an idi. Qol vursaydıq, fərqli olacaqdı. Çünki rəqib daha çox hücuma çıxacaqdı və arxada boşluqlar buraxacaqdı. Biz də ondan yaxşı istifadə edə bilərdik. Deyə bilmərəm ki, oyunun qırılma anı idi, amma ən önəmli anlarından biri oldu.

Elvin Camalov bu gün niyə oynamadı? Aleksey İsayev və Kristian Da Silva Elvindən daha yaxşı formadadırlar. Elvin demək olar ki, millidə oynamadı. Kristian iki həftədir ki, çox yaxşı formadadır. “Turan Tovuz”a qarşı da səfərdə çox yaxşı oyun keçirmişdi. Ona görə də, onların hər ikisinə bu gün fürsət verdik ki, oynasınlar. Davit Volkova gəlincə, onun səhhəti ilə bağlı problemi var idi deyə, dəyişdik.

Nicat Mehbalıyevə oyunu barəsində heç bir idarım yoxdur. Nicat çox yaxşı çıxış edir. Demək olar ki, komandanı önəmli matçlarda xilas edir. Ceyhun Nuriyevin nə vaxt əsas komandaya qaytarılacağı barədə isə heç nə deyə bilmərəm”.

Murad Musayev hazırda baş məşqçi axtarışında olan Azərbaycan milli komandasına mümkün gedişi barədə sualı da cavablandırıb:

“Sabah”ın baş məşqçisi olmasaydım, Azərbaycan millisində işləmək mənim üçün böyük şərəf olardı. Ancaq indi mən “Sabah”ın baş məşqçisiyəm və bütün fikrim də bu klubla bağldıır. Azərbaycanda çox yaxşı futbolçular var və milli çox yaxşı futbol sərgiləyə bilir. Onlara da gələcəkdə uğurlar arzulayıram. Təbii ki, təklif olarsa, müzakirə edə bilərik. Amma indi ortada heç nə yoxdur, heç danışıq da olmayıb. Bütün düşüncələrim “Sabah”la bağlıdır”.