Murad Musayev “Sabah”dan getdi – Rəsmi

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sabah”ın baş məşqçisi Murad Musayev və klub rəhbərliyi arasında görüş keçirilib.

Arena.az xəbər verir ki, görüş zamanı Musayev paytaxt təmsilçisindən ayrılmaqla bağlı istəyini klub rəhbərliyinin diqqətinə çatdırıb.

Baş məşqçinin klubda qazandığı nailiyyətlər nəzərə alınaraq, onun bu istəyi anlayışla qarşılanıb və müsbət cavab verilib.

Xatırladaq ki, Musayev 2021-ci ilin noyabr ayından “Sabah”ın baş məşqçisi kimi çalışırdı. Komanda rusiyalı mütəxəssisin rəhbərliyi altında 87 oyun keçirib (48 qələbə, 16 heç-heçə , 23 məğlubiyyət).

“Sabah” ölkə çempionatının 2022/2023-cü illər mövsümünü gümüş medalla başa vuraraq, tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb.

“Sabah” Murad Musayevə kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Murad Musayev “Sabah”dan öncə Rusiyanın “Krasnodar” komandasının baş məşqçisi olub.