Murad Musayev “Sabah”ı rəhbərliklə münaqişəyə görə tərk edib?

“Sabah”ın sabiq baş məşqçisi Murad Musayev paytaxt klubunun rəhbərliyi ilə münaqişədə olması ilə bağlı yayılmış xəbərləri təkzib edib.

Arena.az məlumat verir ki, Musayev bu barədə “Çempionat”ın müxbiri Mariya Kutsubeyeva ilə söhbətində bildirib:

“Mətbuatda deyiblər ki, mənim rəhbərliklə münaqişəm o var? Klub rəhbərliyi ilə əla münasibətim var. Hətta mükəmməl olduğunu demək olar. Klubda keçirdiyim hər gün onlardan dəstək hiss edirdim. Kluba qoşulmazdan əvvəl mənə verilmiş bütün vədlər yerinə yetirilib: klubun inkişafı, maliyyə öhdəlikləri. “Sabah”ın rəhbərliyi haqqında uzun müddət danışa bilərəm, bunlar yalnız müsbət sözlər olacaq”, deyə Musayev vurğulayıb.

Xatırladaq ki, Musayevin klub rəhbərliyi ilə münaqişəyə görə “Sabah”dakı vəzifəsini tərk etdiyi iddia olunurdu.

Musayev Azərbaycan klubunu tərk etməsinin əsl səbəbini də açıqlayıb. Rusiyalı mütəxəssis son iki mövsümdə paytaxt təmsilçisinin kifayət qədər parlaq oyun sərgilədiyini və yaxşı nəticələr qazandığını bildirib:

“Komandanın çoxlu qələbələri olub. İndi həvəsi itirmişik. Düşündüm ki, dəyişiklik kluba və mənə xeyir verəcək. Çempionatda üçüncü sıradakı komanda ilə 5 xallıq fərqimiz var. Avrokuboklara vəsiqə əldə etmək və mövsümü yaxşı bitirmək üçün bütün şərtlər var. Bu, çətin qərardır. Amma fikrimcə, bu, hamıya fayda verəcək”.

Qeyd edək ki, Murad Musayev 2021-ci ilin noyabrından “Sabah”da işləyirdi. “Bayquşlar” onun rəhbərliyi altında 87 oyun keçirib (48 qələbə, 16 heç-heçə, 23 məğlubiyyət). “Sabah” ölkə çempionatının 2022/2023 mövsümünü gümüş medalla başa vuraraq, tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb.