“Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 34-cü turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 4:0 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Önəmli matç idi. Futbolçulara belə oyuna görə təşəkkür edirəm. Öz peşəkarlıqlarını göstərdilər. Bu matç komandanın turnir cədvəlindəki mövqeyini dəyişmirdi. Buna baxmayaraq, gözəl oyun sərgilədik. Pressinqdə aktiv idik, sürətli hücumlar gördük.
Bir az hakimlik barədə danışmaq istəyirəm. Qələbə qazandığımıza görə demirəm, bu gün hakim oyunu yaxşı idarə etdi, sərt oynamağa imkan verdi. Bu, çox xeyirlidir. Dünən UEFA Çempionlar Liqasının yarımfinal matçına baxdıq. Orada da hakim oyunun tempini yüksək tutdu.
Aleksey Kaşukun komandada qalıb-qalmayacağı barədə hazırda heç nə deyə bilmərəm. Əlbəttə ki, saxlamaq çox çətindir. Biz Alekseyi istəyirik. Amma o, müqavilə ilə Donetsk “Şaxtyor”una məxsusdur. Ola bilər ki, Ukrayna klubu ötən il olduğu kimi, Kaşuku yenə təlim-məşq toplanışına cəlb etsin. Amma biz onu komandada saxlamaq istəyirik.
Yayda bütün mövqelərə transferlər etməyə çalışacağıq. Müdafiə, yarımmüdafiə və hücuma yeni qan cəlb etmək istəyirik. İnanıram ki, təlim-məşq toplanışına kimi əsas transferləri edə biləcəyik. İş gedir, klub rəhbərliyi danışıq aparır, mən danışıram. Oyunçu yaxşı olduqda bura gəlmək şansı azalır. Rusiyada da maraqlandığımız bir-iki futbolçu var. Amma onları da bura gətirmək çətindir. Çünki, Rusiyadakı məvaciblər bizdəkindən çoxdur”.