Murad Musayev yenə hakimliyi sərt tənqid etdi

“Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, rusiyalı mütəxəssis 2:0 hesablı qələbəyə sevindikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Çox vacib qələbə qazandıq. Oyun bizim üçün çətin alındı. İki qol vurduqdan sonra üçüncünü də istəyirdik, buna nail ola bilmədik. Əsas olan qələbədir. Qarşıda çox önəmli görüşlər var. Həmin matçlara hazırlaşacağıq.

Musayev Tovuzda heç vaxt baxımlı oynamadıqlarını, amma uduzmadıqlarına da izah verib: “Tovuza gələrkən, özümüzdən çox da yaxşı yaxşı oyun gözləmirik. Vacib olan qələbə qazanmaqdır. Burada, süni örtükdə oynamaq çox çətindir. “Qarabağ” da burada parlaq oyun göstərməyib. Çünki rəqib arxaya oturur. “Kəpəz” hücum futbol oynayır, rəqibə də hücum etməyə imkan verir. “Turan Tovuz” da sonuncu dəfə burada bizimlə hücum futbol oynamışdı. Burada oynamaq çox çətindir. Belə meydanda ən önəmlisi qələbə qazanmaqdır.

Qarşıda çox oyunlar var. Jesse Sekidika daha yaxşı adaptasiya olub. İki mərkəz müdafiəçimiz yeni gəlib. Turnir cədvəlinə baxmaq istəmirəm. Son oyunlarda qələbələr bizə inam verir. Bu, oyunumuza təsir edə bilər. Futbolçular yaxşı məşq edirlər. Mənim üçün əsas oyun keyfiyyətidir. Bu olduqda nəticələr də gələcək. Ötən mövsümkü “Sabah”ı yaxınlarda görəcəksiz”.

“Onlar məni sevmirlər”

Murad Musayev növbəti dəfə sarı vərəqə almasına da toxunub və hakimləri tənqid edib:

“İki ildir buradayam. Hakimlikdən heç də məmnun deyiləm. “Qarabağ”la oyunda Aleksey İsayevin ayağını əzirlər, heç bir qayda pozuntusu qeydə alınmır. Marko Yankoviç Namiq Ələsgərova qarşı kobud oynayır, amma heç televizorda da göstərmirlər. Maruan Hadudinin əlinə dəyən topu isə tez gördülər. “Zirə” ilə oyunu deyim, Namiqin üzündən vururlar, heç nə yoxdur. Emmanuel Apehə isə iki sarı vərəqə göstərdilər və meydandan qovdular. Bu, mənim işimdir. Mən işimlə yaşayıram. Futbol balet deyil ki, hər toxunuşda foulu verirlər. Avropada belə deyil. Bu hakimlik dəyişsə, mən sarı vərəqə görmərəm. Böyük zəhmətlə özünüzə ev alırsız və kimsə əlinizdən alır. Hakimlər qələbəmizi əlimizdən alırlar. Avropada 35 oyunum olub, cəm bir dəfə sarı vərəqə görmüşəm. Hazırda hakimlər çox müdafiə olunur. Amma məşqçilərə dərhal cəza verirlər. Hakimlikdən narazıyam və bu da dəyişmir. Burada adicə toxunuş olur, cərimə zərbəsi təyin edirlər. Avropada bu epizodlara hakim heç nə verməyəcək, amma biz yerdə qalacağıq. Çünki bizi Azərbaycanda belə öyrədiblər. Avropada isə belə şeyə heç nə vermirlər. Hakimlər eyni şeyi davam edirlər. Bu gün də bərbad hakimlik oldu. Rusiyada cəmi üç qırmızı vərəqəm olub. Özümə söz vermişəm ki, burada olanlara reaksiya verməyəcəm. Amma mümkün deyil. Onlara bir söz də demək olmaz. Hakim səhv edir, məni cəzalandırırlar.

Hakimlik çətin peşədir. Amma işimizi yaxşı görməliyik. Onlara toxunmaq istəmirəm. Mənim üçün ən yaxşı hiss matçdan sonra hakimlərin əlini sıxmaqdır. “Turan Tovuz”la buradakı matçımızda hakim öz işini çox yüksək səviyyədə həyata keçirirdi. Heç kimə kömək etmirdi. Meydanda idi, amma görünmürdü. Bu isə hakimliyin səviyyəsinin yaxşı olması deməkdir.

Bu fikirlərimdən sonra hakimlər mənə qarşı daha da aqressiv olacaqlar? Onlar onsuz da mənə qarşı aqressivdirlər. Bilirəm ki, məni sevmirlər. Amma mən susa bilmərəm. Altı aydır susuram, demirəm heç nə. Yaxşı durumda olmamağımız amış kimi hakimlər də bizim oyunlarımızda səhvlər edirlər”.

“Biz qol vurmalı idik, rəqib vurdu”

“Kəpəz”in baş məşqçisi Adil Şükürov isə komandasının məğlubiyyətini belə şərh edib:

“Azarkeşlərimizə təşəkkür edirəm. 90 dəqiqə komandanı yaxşı dəstəklədilər. Daha böyük addımlar atmaq istəyirik. Amma hazırda bu, alınan iş deyil. Müəyyən vaxt lazımdır. Bəzi məsələlərdə irəliləyiş var. Komandaya aqresivlik gətirmişik. Sadəcə, sonluq çatışmır. Bunu da aradan qaldırmağa çalışacağıq. Komanda hücumda olursa, müdafiə də onu sığortalayır. Bəli, bəsit qollar buraxdıq. Biz qol vurmalı idik, rəqib vurdu. Həmin anlarda komanadada konsentrasiya itdi.

Vurğun Hüseynov və ehtiyatda qalan digərləri güvəndiyimiz futbolçulardır. Hər kəsə şans verməyə çalışırıq. Vurğun təcrübəli futbolçudur. Üç gündən bir oynamaq onun üçün çətin olar. Həm də bu gün hücumda olub qollar vurmaq istəyirdik. Mate Kvirkviya və Junior Martinsə gəlincə, onlar kubok matçında da oynamışdılar. Qarşıda “Qəbələ” ilə oyunumuz var. Buna görə də onları əvəzlədik”.