Murad Vəliyev Estoniyada klubunu dəyişdi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-21) yarımmüdafiəçisi Murad Vəliyev Estoniyada klubunu dəyişib.

Arena.az xəbər verir ki, sağ cinah vingeri olan gənc futbolçu bundan sonra “Nomme Yunayted”in uğurları üçün çalışacaq.

Sözügedən klub azərbaycanlı futbolçunu “Levadiya”dan icarəyə götürüb. 21 yaşlı futbolçu 2024-cü ilin 31 dekabrına kimi “Nomme Yunayted”də forma geyinəcək.

Murad Vəliyev Latviyanın “Kalev” klubunun yetirməsidir. O, Almaniyanın “Rozenhaym” və “Bad Aiblinq” klublarının aşağı yaş qrupları üzrə komandalarında da oynayıb. 2022-ci ilin yanvar ayından “Levadiya”da çıxış edən vinger bu klubun əsas komandasında 46 oyun keçirib, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Murad Estoniyanın U-16 və U-18 yığmalarında oynasa da, 2022-ci ildən Azərbaycanın U-21 millisinə dəvət alır. O, yığmamızda 9 oyun keçirib və 1 qola imza atıb.

Sonda onu da qeyd edək ki, 2000-ci ildə yaradılmış “Nomme Yunayted” bu mövsüm tarixində ilk dəfə Estoniya çempionatında debüt edəcək. Estoniyada 2024-cü il mövsümünə martın 1-də start veriləcək. Muradın yeni komandası elitadakı ilk matçını səfərdə “Flora”ya qarşı keçirəcək.