Murat Sancak Şahruddin Məhəmmədəliyevə yeni rəqib gətirir

Türkiyənin “Adana Dəmirspor” klubunun prezidenti Murat Sancak daha üç futbolçu ilə vidalaşacaqlarını açıqlayıb.

Arena.az xəbər verir ki, o, bu barədə “Hürriyyət” qəzetinə açıqlamasında məlumat verib.

Ötən mövsüm Super Liqanı 4-cü pillədə bitirmiş Adana klubu bu qış fasiləsində Henri Onyekuru, Yunes Belhanda, Kevin Rodriqes və Yonas Svenssonla yollarını ayırdığını açıqlamışdı. “Adana Dəmirspor”un prezidenti bu ayrılıqların davam edəcəyini gizlətməyib:

“Ötən mövsüm möcüzələr yaradan və Super Liqanı silkələyən, lakin bu mövsüm aldığı zədədən sonra komandaya qayıda bilməyən Mario Balotelli ilə razılaşaraq ayrılacağıq. Bundan əlavə, Endryu Qravilyon və Yusuf Sarı ilə yollarımızı ayıracağıq. Qravilyonun yerinə Pape Abu Sisse komandaya qoşuldu. O, yaxşı oynayır. Yusuf Sarı üçün təkliflər var. Ayrıldığımız oyunçularımız komandada öz vəzifələrini yerinə yetiriblər”.

Murat Sancak komandada belə çox ayrılığın səbəbinin qruplaşmalar olduğunu deyib: “Təəssüf ki, ötən mövsüm ilk beşlikdə yer alan, Avropaya yollanan və vacib oyunlara çıxan komandamızda qruplaşmalar başlayıb. Bu, komandaya ziyan vururdu”.

Yeni trensferlərlə yollarına davam edəcəklərini açıqlayan klub prezidenti adanalılardan küsdüyünü də etiraf edib:

“Razılaşdığımız bir neçə futbolçunun transferini ən qısa zamanda açıqlayacağıq. Həm müdafiənin, həm də yarımmüdafiənin cinahlarına yeni transferlər edəcəyik. Razılaşdığımız qapıçı və dünyaca məşhur yarımmüdafiəçi var. Onu icarəyə götürməklə gücümüzü qoruyacağıq. Bəzən ayrılıqlar bizi daha da gücləndirir. Hədəfimiz hələ də ilk beşlikdir, dəyişən hədəfimiz yoxdur. Mən bütün qəlbimlə inanıram ki, biz bu məqsədə nail olacağıq. Qoy azarkeşlərimiz də buna inansınlar. Sadəcə, Adana camaatından dəstək almırıq. Ona görə də adanalılara küsgünəm. “Adana Dəmirspor” hər zaman var olacaq və var olmağa davam edəcək, hədəfi də hər zaman Avropa olacaq”.

Xatırladaq ki, Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev də “Adana Dəmirspor”da çıxış edir. O, bu mövsümün gedişində “Qarabağ”dan ayrılaraq Super Liqa təmsilçisinə keçib.