Musa Qurbanlı 53 dəqiqə oynadı, “Yurqorden” yenə uduzdu

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı İsveçin “Yurqorden” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, azərbaycanlı forvard bu gün İsveç çempionatının 24-cü turu çərçivəsində baş tutan AİK ilə oyunun iştirakçısı olub.

Sözügedən rəqiblə görüş səfərdə baş tutub. Futbolçumuzun komandası oyundan məğlubiyyətlə ayrılıb – 0:2.

Musa bu görüşə start heyətdə başlayıb və 53-cü dəqiqədə əvəzlənib.

Ardıcıl ikinci oyunda uduzan “Yurqorden” bu nəticədən sonra 40 xalla 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Musa Qurbanlı bu ilin iyul ayında “Qarabağ”dan “Yurqorden”ə keçib. 21 yaşlı futbolçu İsveç klubu ilə 3 illik müqavilə bağlayıb. O, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğludur. Musa “Yurqorden”də indiyə qədər 11 oyuna çıxıb, 3 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: