Musa Qurbanlı: “Allsvenskan bizim Premyer Liqadan güclüdür”

Futbol üzrə Azərbaycan millisinin və “Yurqorden”in hücumçusu Musa Qurbanlı İsveç mətbuatına yeni müsahibə verib.

Arena.az xəbər verir ki, bu dəfə “expressen.se” saytına danışan azərbaycanlı futbolçu 15 ildir “Qarabağ”a rəhbərlik edən atası Qurban Qurbanovun Azərbaycanda çox sevildiyini bildirib:

“Atam mənim üçün nümunədir. O, təkcə mənim üçün yox, ölkəmizdəki digər gənc futbolçular üçün də örnəkdir. Təkcə futbol uğurlarına görə yox, həm də şəxsiyyətinə, xarakterinə görə. O, ölkəmiz və futbolumuz üçün çox şey edib. Uşaqlıqdan mənə hər şeyi öyrədib. Atam mənim üçün, demək olar ki, hər şey deməkdir”.

Millimizin forvardı “Yurqorden”in baş məşqçiləri Kim Berqstrand və Tomas Laqerlöf haqqında da müsbət fikirlər səsləndirib: “Cəmi bir aydır burada olmağıma baxmayaraq, deyə bilərəm ki, yaxşı məşqçilər korpusumuz var, onların fəlsəfəsini bəyənirəm. Topun bizdə qalmasını və hücumların kəsərini artırmağımızı istəyirlər, yüksək təzyiq göstərirlər. Mən də belə futbol oynamağı xoşlayıram”.

Musa Qurbanlı yay fasiləsində “Qarabağ”ı Stokholm klubuna dəyişməsinin səbəbini də izah edib: “Gənc futbolçuyam, peşəkar karyerama yeni başlamışam. Yayda böyük liqalarda oynayan komandalar mənimlə maraqlanırdılar. Amma hiss etdim ki, ilk addımı atmaq baxımından “Yurqorden” daha yaxşıdır. Avropaya uyğunlaşmalı və daha çox təcrübə toplamalıyam”.

21 yaşlı hücumçu Azərbaycan və İsveç çempionatlarını da müqayisə edib: “İsveç çempionatı kifayət qədər güclüdür. Əvvəllər “Qarabağ”da oynamışam, yaxşı komandadır. Amma çempionat olaraq İsveç Allsvenskanı Azərbaycan Premyer Liqasından güclüdür. Bütün matçlar çətin keçir. Turnir cədvəlinin aşağı pillələrindəki komandalar da favoritlərə qarşı uğurlu çıxış edirlər”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: