Musa Qurbanlı Avropa Konfrans Liqası üçün sifariş edildi

Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyunları üçün sifariş edilib.

Arena.az xəbər verir ki, bu yay “Qarabağ”dan ayrılaraq İsveçin “Yurqorden” klubuna keçən 21 yaşlı forvard yeni komandasına avrokubok matçlarında da kömək edə biləcək.

Belə ki, İsveç klubu Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində qarşılaşacağı İsveçrə “Lütsern”i ilə matçlar üçün sifariş ərizəsində Musanın da adını daxil edib. “Yurqorden”in UEFA-ya təqdim etdiyi 23 nəfərlik iştirak ərizəsində azərbaycanlı hücumçunun da adı var.

“Yurqorden” “Lütsern”ə qarşı ilk oyununu iyulun 27-də evdə keçirəcək. Bu komandaların cavab matçı isə avqustun 3-də İsveçrədə baş tutacaq. İlk oyuna Bakı vaxtı ilə saat 21:00-da, cavab görüşünə isə 22:45-də start veriləcək.

Xatırladaq ki, Musa Qurbanlı bu ayın əvvəlində keçdiyi “Yurqorden”lə 3 illik müqaviləyə imza atıb. O, yeni komandasında debüt matçına iyulun 22-də İsveç çempionatı çərçivəsində baş tutan “Malmö” ilə ev oyununda (0:4) çıxıb. Qurbanlının qarşıdakı avrokubok matçlarında da iştirak etməsi ehtimalı çoxdur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: