Futbol üzrə Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı ötən gün Bolqarıstan yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, “FIFA series – Edition 2024” layihəsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan bu oyunda qalib müəyyənləşməyib – 1:1.
87-ci dəqiqədə vurduğu qolla millimizi məğlubiyyətdən xilas edən Musa oyundan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:
“Uzun müddətdən sonra vətənə qayıtmaq, yığmadakı komanda yoldaşlarımızla çiyin-çiyinə oynamaq xoşdur. Onları uzun müddət görmürdüm. Millidə çıxış etmək hər azərbaycanlı üçün şərəfdir. Həm Monqolustanla, həm də Bolqarıstanla oyunlarda məqsədimiz qələbə qazanmaq idi. Bolqarlarla görüşdə bir az şanslıq oldu. Düşünürəm ki, qələbəyə layiq idik.
İsveçin “Yurqorden” klubunun şərəfini qoruyan forvard yayda “Qarabağ”a qayıtmaq ehtimalına münasibət bildirib: “Hələlik mənim bundan xəbərim yoxdur. Klubumdayam, bu barədə qərar verilməyib, danışığımız olmayıb. Komandamın uğurları üçün çalışacağam”.
Musa Qurbanlı son dönəmlərdə Skandinaviya təmsilçisində az forma şansı əldə etməsinə toxunub: “Belə şeylər normaldır. Oraya gedəndə bilirdim ki, birdən-birə partlayış olmayacaq. Futbolda çətinliklər olur, bəzən isə hər şey yaxşı gedir. Bütün bunlara hazırlıqlı idim. Hazırda psixoloji olaraq çətindir, oynamayanda hər futbolçu üçün belədir. Keçən il komandamızda bir az eniş oldu. Yeni transferlərimiz var. Bəlkə də onlara şans verilir. Bu, baş məşqçinin qərarıdır. Mənim üzərimə düşən məsuliyyətlə məşqlər etmək və əsas heyətdəki yerimi qaytarmaqdır”.
Xatırladaq ki, Azərbaycan millisi ilk matçında Monqolustana 1:0 hesabı ilə qalib gəlmişdi.