Futbol üzrə Azərbaycan milli komandasının və “Yurqorden”in hücumçusu Musa Qurbanlı İsveç mətbuatına müsahibə verib.
Arena.az xəbər verir ki, 21 yaşlı futbolçunun komandası İsveç çempionatının 28-ci turunda səfərdə “Brommapoykarna” ilə qarşılaşıb və 2:1 hesablı qələbəyə sevinib.
Səfər matçına start heyətində çıxmasına baxmayaraq, fasilədə əvəzlənən 21 yaşlı forvard buna görə baş məşqçidən narazı qalmadığını bildirib:
“Əvəzlənməyimi normal qəbul edirəm. Futbolda bəzən belə olur. Bu, baş məşqçinin qərarıdır. Həmişə daha çox oynamaq istəyirsən. Amma məyus olmadım. Ən vacibi komandanın 3 xal qazanmasıdır. Qalib gələndə sevinməliyik”.
Musa kollektivə uyğunlaşdıqdan sonra daha yaxşı oyun sərgiləyəcəyinə inandığını bəyan edib: “Bəzən qol vurmayanda bir az çətin olur. Çünki azarkeşlər qolla yaşayır, onunla nəfəs alırlar. Qarşıma həmişə məqsəd qoyuram. Komandada yeniyəm və gəncəm. Başa düşürəm ki, hələ vaxtım var. Üzərimdə çalışmalı, özümü ruhdan salmamalı, təslim olmamalıyam. Komandaya uyğunlaşmağa çalışıram. Düşünürəm ki, həyat təslim olmamaqdan və üzərində çalışmaqdan ibarətdir. Bu, mənim yolumdur. Mübarizəni davam etdirsəniz, yekunda istədiyinizi əldə edəcəksiniz”.
Qeyd edək ki, “Yurqorden” hazırda İsveç çempionatında 50 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Xatırladaq ki, Musa Qurbanlı bu ilin iyul ayında “Qarabağ”dan “Yurqorden”ə keçib. 21 yaşlı futbolçu İsveç klubu ilə 3 illik müqavilə bağlayıb. O, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğludur. Musa “Yurqorden”də indiyə qədər 15 oyuna çıxıb, 3 qola imza atıb, 1 məhsuldar ötürmə müəllifi olub.


