Musa Qurbanlı İsveç klubunda ilk məşqinə çıxdı – Video

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı İsveçin “Yurqorden” komandasında ilk məşqinə çıxıb.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klub sosial şəbəkə hesabları vasitəsilə paylaşım edib.

“Yurqorden”in postunda “bütün yeni transferlər yerindədir” sözləri qeyd olunub.

Xatırladaq ki, “Yurqorden”ə “Qarabağ”dan transfer olunmuş Musa Qurbanlı iyulun 5-də İsveç klubu ilə 3 illik müqaviləyə imza atmışdı. Lakin o, yeni klubu ilə münasibətlərini rəsmiləşdirən kimi bəzi vacib işlərini yoluna qoymaq üçün Azərbaycana qayıtmışdı.

Musa Qurbanlı son illərdə parladığı “Qarabağ”ın heyətində 68 oyuna çıxıb. 21 yaşlı futbolçu bu görüşlərdə 33 qol və 15 məsuldar ötürmə müəllifi olub. Gənc hücumçu daha öncə “Zirə”də də icarədə oynayıb və bu komandada 11 oyuna 2 qol vurub. Musa Azərbaycan milli komandasında da 7 oyuna çıxıb, 1 qolla yadda qalıb.

Onu da qeyd edək ki, Musa “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğludur.

“Yurqorden”ə gəlincə, bu komanda hazırda İsveç çempionatında 15 oyuna topladığı 27 xalla 4-cü pillədə qərarlaşıb. Futbolçumuzun yeni komandası 8 qələbə qazanıb, 3 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb.

Futbolçumuzun komandası növbəti matçını iyulun 17-də doğma meydanda “Malmö”yə qarşı keçirəcək. Musanın məhz bu qarşılaşmada “Yurqorden”də debüt etməsi gözlənilir. Qarşılaşmaya Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: