Futbol üzrə Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı İsveç çempionatında (Allsvenskan) 21-ci turun rəmzi komandasına düşüb.
Arena.az xəbər verir ki, “Yurqorden”də çıxış edən 21 yaşlı forvard 21-ci tur çərçivəsində baş tutan “Degerfors”la oyunda 2 qol və 1 assist müəllifi olub.
Bunun sayəsində də o, turun rəmzi komandasında yer almağı bacarıb. Musa 4:1 hesabıyla qalib gəldikləri görüşdə bir penaltini də qaçırıb. Buna baxmayaraq, azərbaycanlı hücumçunun çıxışı 8,7 balla dəyərləndirilib. O, ən yaxşı hücumçular sırasına düşüb.
Qeyd edək ki, Qurbanlı ilk dəfə İsveç çempionatında rəmzi komandaya düşür.
Xatırladaq ki, Musa Qurbanlı iyul ayında “Qarabağ”dan “Yurqorden”ə keçib. 21 yaşlı futbolçu İsveç klubu ilə 3 illik müqavilə bağlayıb. O, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğludur. Musa “Yurqorden”də indiyə qədər 8 oyuna çıxıb, 3 qola imza atıb.



